|
PREZİDENT İLHAM ƏLİYEVİN RUSİYADAKI
AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜ
7 fevral 2004-cü il
Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Moskvadakı səfirliyində Rusiyada yaşayan həmvətənlərimizlə görüşmüşdür. Ölkəmizin Moskvadakı səfiri Ramiz Rzayev bildirdi ki, bu görüşə Rusiyanın müxtəlif regionlarında yaşayan azərbaycanlılar gəlmişlər. Onlar Prezident İlham Əliyevin Rusiyaya ilk rəsmi səfərində böyük sevinc hissi duyduqlarını bildirmişlər.
Görüşdə çıxış edən Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, məşhur həmyerlimiz Fərman Salmanov və Nikolay Baybakov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Rusiya – Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi siyasətini layiqincə davam etdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirdilər.
Sonra Prezident İlham Əliyev həmyerlilərimiz qarşısında çıxış etdi.
DAŞKƏNDDƏ DAHİ AZƏRBAYCAN ŞAİRİ NİZAMİ GƏNCƏVİNİN
ABİDƏSİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
23 mart 2004-cü il
Martın 23-də Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin qarşısında dahi Azərbaycan şairinin abidəsinin təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov mərasimdə iştirak etmişlər.
Azərbaycan Prezidentini səfərdə müşayiət edən nümayəndə heyətinin üzvlərinin, Daşkənddə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, Azərbaycan diasporu və Özbəkistan ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri mərasimi Daşkənd şəhərinin hakimi Rüstəm Şoəbdürəhmanov açdı.
Prezident İslam Kərimov çıxış edərək, Azərbaycan və Özbəkistan arasında əlaqələrindən danışdı, xalqlarımızı birləşdirən dahi şəxsiyyətlərdən olan Nizami Gəncəvinin abidəsinin açılması münasibətilə mərasim iştirakçılarını təbrik etdi. O, bu abidənin açılışını qardaş Azərbaycan xalqına, onun qədim tarixinə və mədəniyyətinə ehtiram rəmzi kimi qiymətləndirdi. Özbəkistan rəhbəri əmin olduğunu vurğuladı ki, Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəkdir.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
DAŞKƏNDDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏT
MƏRKƏZİNİN AÇILIŞ MƏRASİMİ
24 mart 2004-cü il
Martın 24-də Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzinin təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Mərkəzin direktoru Fail Məmmədov və Özbəkistan Beynəlxalq Mədəniyyət Mərkəzinin direktoru Timur Alimov dövlətimizin başçısını səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev Daşkənd şəhərinin ən görkəmli guşələrindən birində yerləşən Mərkəzin qarşısındakı küçəyə xalqımızın ümummilli lideri Heydər Əliyevin adının verilməsini bildirən xatirə lövhəsini açdı.
Mədəniyyət Mərkəzinin həyətində müstəqil Azərbaycanın qurucusu Prezident Heydər Əliyevin büstü qoyulmuşdur. Prezident İlham Əliyev büstün açılışını bildirən ağ örtüyü götürdü.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin açılış mərasimi oldu. Mərasimi ölkəmizin Özbəkistandakı səfiri Aydın Əzimbəyov açdı.
ANKARADA HEYDƏR ƏLİYEV PARKININ
TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ
14 aprel 2004-cü il
Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Ankaranın yaxınlığında, Batıkənddə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə salınmış parkın təntənəli açılış mərasimində iştirak etmişdir.
Mərasimə toplaşanlar - Türkiyənin yüksək vəzifəli rəsmi şəxsləri, Batıkəndin sakinləri, məktəblilər dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Təntənəli mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlandı.
Mərasimdə Türkiyənin Ətraf Mühitin Mühafizəsi və Meşə Təsərrüfatı Nazirliyi Baş meşəsalma idarəsinin müdiri Mustafa Yüksəl, Ankara valisi Yəhya Gur, kənd təsərrüfatı naziri Sami Güclü, ətraf mühitin mühafizəsi və meşə təsərrüfatı naziri Osman Pepe çıxış etdilər.
Bildirildi ki, 75 hektarlıq bu ərazidə Heydər Əliyevin anadan olmasının 81 illiyi ilə əlaqədar 17 növdən ibarət 81 min ağac əkiləcəkdir. İndiyədək 50 min ağac əkilmişdir və qarşıdakı on gün ərzində bu iş başa çatacaqdır. Batıkənd sakinlərinin istirahət vaxtlarını səmərəli keçirməsi üçün burada əyləncə, idman kompleksləri, uşaq meydançaları, hovuzlar, çeşmələr yaradılacaq, xidmət obyektləri tikiləcəkdir.
Natiqlər vurğuladılar ki, Heydər Əliyevin Türkiyə, bütünlükdə türk dünyası qarşısında xidmətlərini nəzərə alaraq, belə xatirə tədbirləri gələcəkdə də davam etdiriləcək, dahi şəxsiyyətin əziz xatirəsi daim ürəklərdə yaşayacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV
GÜRCÜSTAN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
1 iyun 2004-cü il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Prezident sarayında Gürcüstanın yanacaq və energetika nazirinin müavini İsaq Novruzovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev hər il təşkil olunan ənənəvi sərgi-konfransın uğurla davam etdiyini söyləyərək, Gürcüstan nümayəndə heyətinin bu tədbirdə həmişə fəal iştirakını qeyd etdi. Dövlətimizin başçısı dedi ki, Azərbaycanla Gürcüstan bir çox irimiqyaslı layihələri uğurla həyata keçirirlər. İki ölkə vahid mexanizm kimi Şərq-Qərb dəhlizində fəal iş aparırlar. Bakı-Tbilisi-Ceyhan neft kəməri və həyata keçiriləcək qaz kəməri layihəsi hər iki ölkənin xalqları üçün böyük əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, dövlətlərimiz arasında olan siyasi əlaqələrin yüksək səviyyəsi, qarşılıqlı inam və dəstək bu layihələrin uğurla həyata keçirilməsinə şərait yaradır. Gürcüstan Prezidentinin ölkəmizə səfəri çox uğurlu olmuşdur. Mən də tezliklə Gürcüstana rəsmi səfər edəcəyəm. Bizim ənənəvi qardaşlıq əlaqələrimiz uğurla inkişaf edir.
Prezident İlham Əliyev Gürcüstana və gürcü xalqına böyük uğurlar dilədi.
Gürcüstanın yanacaq və energetika nazirinin müavini İsaq Novruzov Azərbaycan və gürcü xalqları arasında əsrlər boyu mövcud olan qardaşlıq əlaqələrinin durmadan inkişaf etdiyini xatırladaraq dedi ki, prezidentlər Heydər Əliyev və Eduard Şevardnadzenin əsasını qoyduqları indiki strateji tərəfdaşlıq münasibətləri bu gün İlham Əliyev və Mixail Saakaşvili tərəfindən uğurla davam etdirilir. Prezident Mixail Saakaşvili həmişə qeyd edir ki, bizim xalqlar dost deyil, qardaş xalqlardır. Bu yaxınlarda Gürcüstanın dövlət başçısı Tbilisidəki məscidə gələrək, azərbaycanlılarla görüşmüş və soydaşlarımızın həmişə onu dəstəklədiklərini söyləmişdir. Heydər Əliyev Gürcüstana səfərləri zamanı həmişə burada yaşayan azərbaycanlılara müraciətlə deyərdi ki, siz Gürcüstan vətəndaşısınız və əsrlər boyu burada yaşamısınız. İsaq Novruzov Gürcüstanda yaşayan azərbaycanlılara göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
ARDNŞ-in prezidenti Natiq Əliyev, Gürcüstan Beynəlxalq Neft Korporasiyasının prezidenti Giorgi Çanturiya, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Qumberidze qəbulda iştirak edirdilər.
KİYEVDƏ AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ
HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİ
4 iyun 2004-cü il
İyunun 4-də Ukrayna paytaxtında - Azərbaycan səfirliyinin yaxınlığındakı xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin təntənəli açılışı olmuşdur. Abidənin müəllifi Azərbaycan Rəssamlıq Akademiyasının kafedra müdiri, Əməkdar rəssam Natiq Əliyevdir.
Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Leonid Kuçma mərasimdə iştirak edirdilər.
Kiyev şəhər şurasının sədri Aleksandr Omelenko mərasimi açaraq dedi:
- Çox hörmətli Leonid Daniloviç!
Çox hörmətli İlham Heydər oğlu!
Xanımlar və cənablar! Əziz kiyevlilər və paytaxtın qonaqları!
İcazə verin, şəhərimizdə əlamətdar hadisə münasibətilə keçirilən mərasimin bütün iştirakçılarını salamlayım. Biz iki dövlətin - Ukrayna və Azərbaycan Respublikası rəhbərlərinin iştirakı ilə görkəmli şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin abidəsini açırıq.
Azərbaycanın və Ukraynanın dövlət başçıları abidənin üzərindən ağ örtüyü götürdülər. Hər iki ölkənin dövlət himnləri səsləndi.
Ukrayna və Azərbaycan prezidentləri mərasimdə nitq söylədilər.
KİYEVDƏ AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN ABİDƏSİNİN
AÇILIŞ MƏRASİMİ
4 iyun 2004-cü il
Azərbaycan Prezidenti İlham Əliyev sonra xalqımızın şanlı qızı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan küçəyə gəldi.
Dövlətimizin başçısı həmin küçədə yerləşən və xalqımızın görkəmli övladının adı verilmiş mərkəzi parkda Zərifə Əliyevanın abidəsinin açılış mərasimində iştirak etdi.
Mərasimi Kiyev vilayəti hökumətinin sədri Anatoli Zasuxa açaraq, bunu təkcə şəhərin deyil, ümumən Ukraynanın həyatında əlamətdar hadisə kimi qiymətləndirdi.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi, sonra isə açılışa toplaşanların alqış sədaları altında abidənin üzərindən ağ örtüyü götürdü.
Abidənin önünə Azərbaycan Prezidentinin adından əklil qoyuldu. Mərasim iştirakçıları abidənin qarşısına gül düzdülər.
Respublikamızın rəhbəri abidənin müəllifi, Xarkov şəhərində yaşayan həmyerlimiz, Ukraynanın xalq rəssamı, heykəltəraş Seyfəddin Qurbanov ilə görüşdü, Zərifə xanım Əliyevanın adını daşıyan parkda xatirə ağacı əkdi.
AZƏRBAYCAN DİASPORUNUN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ
4 iyun 2004-cü il
İyunun 4-də Prezident İlham Əliyev Kiyevdə, onun üçün ayrılmış iqamətgahda Ukrayna, Belarus və Moldovada yaşayan azərbaycanlıların nümayəndələri - görkəmli ziyalılar, iş adamları ilə görüşmüşdür.
Görüşü ölkəmizin Ukraynadakı səfiri Tələt Əliyev açaraq dedı:
- Möhtərəm cənab Prezident!
Çox rəmzidir ki, 1997-ci ildə möhtərəm Prezidentimiz Heydər Əliyev elə bu salonda Azərbaycan diasporunun nümayəndələri ilə görüşmüşdür. O gündən Ukraynada Azərbaycan diasporunun formalaşması geniş vüsət almışdır.
Bu gün də Ukraynada, Moldovada və Belarusdakı Azərbaycan diasporunun fəalları Sizinlə görüşə gəlmişdir. İcazə verin, onların adından Sizi səmimi salamlayım və Ukraynaya dövlət səfərinizin uğurlu keçməsi münasibətilə ürəkdən təbrik edim. Xalqımızın gələcəyi üçün təkcə ölkəmizin daxilində göstərdiyiniz səylərə görə deyil, həm də uğurlu xarici səfərləriniz, apardığınız danışıqlar və onların nəticələri münasibətilə Sizi ürəkdən təbrik edirik.
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AMERİKA TÜRK ASSOSİASİYALARI ASSAMBLEYASININ PREZİDENTİNİ QƏBUL ETMİŞDİR
9 iyun 2004-cü il
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 9-da Prezident sarayında Amerika Türk Assosiasiyaları Assambleyasının prezidenti Ərcümənt Qılıncın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimiyyətlə salamlayan dövlətimizin başçısı İlham Əliyev dedi:
-Əziz dostlar, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Siz artıq bir neçə gündür ki, Azərbaycandasınız, ölkəmizlə tanış olursunuz. Amerika Türk Assosiasiyaları Assambleyası dünyada böyük nüfuza malik, Türkiyə-Amerika əlaqələrinin inkişafında böyük rolu olan bir təşkilatdır. Biz sizin fəaliyyətinizi maraqla izləyirik və əldə olunan uğurlara da sevinirik.
Bu ilin yanvar ayında keçirilən qurultayda Azərbaycan nümayəndə heyəti də iştirak edirdi. Eşitdiyimə görə, çox fəal iştirak edirdi. Biz çox istəyirik ki, Azərbaycanla sizin təşkilat arasında əməkdaşlıq inkişaf etsin, genişlənsin. Bilirsiniz ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin qərarı ilə ölkəmizdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu komitə çox fəal işləyir və böyük işlər görür.
Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün dövrlərdə çox mehriban olubdur. Biz qardaş ölkəyik. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra onu ilk tanıyan Türkiyə dövləti olubdur. Son 10 il ərzində Türkiyə ilə Azərbaycan arasında münasibətlər çox yüksək səviyyəyə qalxmışdır. Bu münasibətlərin xalqlarımıza çox böyük faydası olmuşdur. Türkiyə ilə Azərbaycan birlikdə bölgədə böyük iqtisadi nəqliyyat layihələri həyata keçirir. Biz daim beynəlxalq təşkilatlarda bir-birimizə kömək edirik, dəstək veririk. Bu yaxınlarda Türkiyəyə etdiyim rəsmi səfərim bizim nə qədər yaxın olmağımızı bir daha təsdiqlədi. İndi biz çalışmalıyıq ki, Türkiyə ilə Azərbaycan arasında olan münasibətləri, qardaşlıq əlaqələrini daha da genişləndirək.
Azərbaycanın Amerika ilə də münasibətləri çox yüksək səviyyədədir. Həm iqtisadi, həm siyasi, həm də digər sahələrdə əməkdaşlığımız çox uğurludur. Azərbaycan Amerika üçün çox etibarlı bir tərəfdaşdır. Keçən on il ərzində biz təkcə bəyanatlarla deyil, əməli-praktiki addımlarla bu siyasətə sadiq olduğumuzu sübut etdik. Biz bu münasibətlərin genişlənməsində maraqlıyıq və ikitərəfli münasibətlər son illər ərzində çox yüksək səviyyəyə gəlib çatmışdır.
Bu yaxınlarda ABŞ Konqresində Amerika-Azərbaycan işçi qrupunun yaradılmasından danışan Prezident İlham Əliyev dedi ki, bu çox böyük nailiyyətdir, uğurdur. Konqresdə bir neçə ölkə belə bir nailiyyətə gəlib çatıbdır. O cümlədən Azərbaycan. Bu da müsbət bir haldır.
İstəyirik ki, bizim nailiyyətlərimiz, Azərbaycan haqqında həqiqətlər, eyni zamanda, Konqresdə də səslənsin. Çünki 1992-ci ildə Azərbaycana tətbiq edilən ədalətsiz 907-ci düzəliş hələlik qüvvədədir. Baxmayaraq ki, Amerika Prezidenti tərəfindən bu düzəliş dayandırılıb, amma eyni zamanda, bu tamamilə ləğv edilməyibdir. Bunun nəticəsində Azərbaycan uzun illər Amerika hökumətinin birbaşa yardımından məhrum olmuşdur. Bu düzəliş Amerikada, xüsusilə Konqresdə fəaliyyət göstərən erməni lobbisi tərəfindən o vaxt tətbiq edilmişdir. Bilirsiniz ki, erməni lobbisi Azərbaycana qarşı Amerikada çox böyük işlər aparır. Bu düzəliş də həmin işlərin biri idi.
Biz çalışırıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edək. Amma əfsuslar olsun ki, hələlik nəticə yoxdur. Hamı bilməlidir, o cümlədən Amerika ictimaiyyəti də bilməlidir ki, bu münaqişədə zərər çəkən tərəf Azərbaycandır. Bizim torpaqlarımız işğal altına düşmüşdür. Bu işğalın nəticəsində bir milyondan artıq soydaşımız qaçqın, köçkün vəziyyətinə düşübdür.
Mən dünən Mingəçevir şəhərində qaçqınlar və məcburi köçkünlər üçün yeni salınmış qəsəbənin açılışında iştirak edirdim. Biz çalışırıq ki, onların yaşayış səviyyəsini qaldıraq, müvəqqəti olaraq məskunlaşdıraq, normal şəraitlə təmin edək. Onlar üçün yeni evlər tikilir, qəsəbələr salınır. Əlbəttə, bunlar müvəqqəti xarakter daşıyır. Bizim istəyimiz ondan ibarətdir ki, beynəlxalq hüquq normaları öz əksini tapsın, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çəkilsinlər. Bu istiqamətdə böyük işlər aparılır. Əlbəttə, bizim bütün dostlarımızın bu istiqamətdə fəaliyyəti bizə böyük kömək, dəstək olacaqdır.
Səmimi qəbula görə dərin minnətdarlığını bildirən ATAA-nın prezidenti Ərcümənt Qılınc dedi ki, Azərbaycan Prezidenti ilə görüşmək bizim üçün bir neçə səbəbdən çox önəmlidir. Birincisi, hamımız çox həyəcanlıyıq. Sizin bizi qəbul etməyiniz hamımız üçün çox böyük şərəfdir. İkincisi, biz Atatürkü sevənləri görəndə deyirik ki, onların hüzurunda olmaq Atatürkü yad etmək kimidir. O cümlədən eyni şəkildə burada Sizi görməklə bərabər, rəhmətlik atanızı, türk dünyasının böyük lideri Atatürklə bərabər tutduğumuz Heydər Əliyevi qarşınızda bir daha anır, ona Allahdan rəhmət diləyirik.
Rəhbərlik etdiyi Assambleyasının fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verən qonaq türkdilli ölkələrə səfərlərindən söhbət açaraq Azərbaycana ikinci dəfə gəldiyini nəzərə çarpdırdı.
Son illər Azərbaycanda baş vermiş çox müsbət dəyişiklikləri görməkdən məmnun qaldığını söyləyən Assambleyanın prezidenti daha sonra dedi ki, Azərbaycandakı dəyişikliyi biz hələ təyyarədə olarkən gördük. Yanan işıqlardan, hava limanından, otellərdən gördük. Dörd gündür ki, bunların şahidiyik. Bunlar bizi son dərəcə məmnun edir.
O, Azərbaycanın demokratiya sahəsindəki inkişafının, bazar iqtisadiyyatına keçmək yolunda qazandığı uğurlarının, dünya siyasətində göstərdiyi cəsarətinin, sülhyaratma əməliyyatlarında iştirakının, ölkəmizin dünyada öz layiqli yerini tutmasının son dərəcə sevindirici olduğunu vurğuladı, bütün bunları Amerikada təbliğ etdiklərini bildirdi.
Cənab Ərcümənt Qılınc son zamanlar amerikalı deputatlarla yaxşı əlaqələr qurulduğunu vurğulayaraq dedi ki, bütün deputatlara Azərbaycanı, Qarabağı anladırıq. Qarabağ Sizin yaranız olduğu qədər bizim də yaramızdır. Amerikada yaşayan 300 minlik türk adından və 20 minlik üzvümüz adından Sizi əmin edirik ki, bu yolda əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Sizə fəaliyyətinizdə uğurlar arzulayır, inşallah, Azərbaycanı dünyada daha yüksəkdə görmək istəyirik və bir çox mühüm işlərin görüləcəyinə əminik.
Qəbulda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak edirdi.
1 2 3 |