• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


Brüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilib
2017-11-21 | 10:46 |

Brüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilib

Belçika Krallığının Brüssel şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə  keçirilən "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forumun ikinci panel iclası “Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr” mövzusuna həsr olunub.

İsrail Dövlətinin fövqəladə və səlahiyyətli səfiri, İsrail Knessetinin 17-ci çağırış deputatı, İsrailin 9-cu telekanalında veriliş aparıcısı, “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti, siyasi şərhçi İosif Şaqalın moderatorluğu ilə keçirilən ikinci panel iclasda Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəliyin rəhbəri Fuad İsgəndərov çıxış edib. Səfir Avropa İttifaqı ilə Azərbaycan arasında Sazişin imzalanmasının həlledici mərhələyə qədəm qoyduğunu bildirib. O qeyd edib ki, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibətinin yaxın vaxtlarda dəyişəcəyinin şahidi olacağıq. Əgər bir neçə il əvvəl Brüsseldə Azərbaycanın ərazi bütövlüyünə müəyyən qədər səhlənkar və soyuq münasibət göstərilirdisə, indi artıq çox şey dəyişib. Avropa İttifaqı indi birmənalı şəkildə başa düşür ki, separatizm onun özünə zərbə vura bilər və Kataloniya bunun bariz nümunəsidir.”-deyə səfir çıxışında bildirib.

Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer vurğulayıb ki, demək olar bütün separatçı ocaqlar qeyri-legitim zor tətbiqinə və mərkəzdənqaçma qüvvələrinin birtərəfli olmasına söykənir. O bildirib: “Paradoks bundan ibarətdir ki, Kataloniya silahsız, dinc separatizmin yeganə nümunəsidir, amma Avropa İttifaqı nədənsə yalnız onu böyük səylə rədd edib. Çünki Kataloniya artıq Avropa İttifaqının özüdür, onun evinin içidir”. Otto Hauzer hesab edir ki, vətənpərvərlik yaxşı haldır, amma separatizm vətənpərvərliyin heç də yaxşı forması deyildir. Məruzəçi qeyd edib ki, Azərbaycan Avropa üçün əhəmiyyətlidir, Avropa öz tərəfdaşını başa düşməli və İspaniya kimi onu da dəstəkləməlidir. Münaqişənin həllinin özəyini qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması təşkil edir. İnsan haqları, insanın Vətən haqqı da elə budur.

Bolqarıstan parlamentinin deputatı, Bolqarıstan-Böyük Britaniya parlamentlərarası dostluq qrupunun rəhbəri Stanislav Anastasov son illər ölkəsində bolqar müsəlmanların təqib edilməsi barədə söz açaraq etiraf edib ki, Bolqarıstan da vətəndaş müharibəsi ərəfəsində olub, amma buna yol verilməyib. Bunu Yuqoslaviya barəsində demək olmaz. “Aİ-nin vəzifəsi təkcə parçalanmanın və separatizmin qarşısını almaq deyil, həm də xalqları birləşdirməkdir. Separatizmin sonu yoxdur”, - deyə Stanislav Anastasov vurğulayıb. O bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərinə icazəsiz getmiş bolqarıstanlı siyasətçi Semyonov da millətçi partiyanın üzvüdür və bu da təəccüblü deyil.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması, ATƏT-in Minsk qrupunun passiv mövqedə durması ilə bağlı təəssüfləndiyini bildirib.

Siyasi şərhçi Azər Həsrət diqqət çəkmək istədiyi əsas məsələnin erməni separatizmi olduğunu vurğulayaraq qeyd edib: “Bu, sadəcə olaraq, ermənilərlə azərbaycanlıların, Ermənistanla Azərbaycanın arasındakı problem deyil. Erməni separatizmi bütövlükdə region üçün problemdir. Çünki ermənilər sadəcə Azərbaycana yox, Türkiyəyə, Gürcüstana, hətta Rusiyaya qarşı bölücülük təşəbbüsü ilə çıxış edir, torpaq iddiası aparır. Biz unutmamalıyıq ki, Abxaziya münaqişəsində Gürcüstana qarşı vuruşanların böyük bir qismi də ermənilər idi. Erməni separatizmi bütövlükdə bizim region üçün ciddi təhlükə təşkil edir”.

Sonra Ukraynanın siyasi xadimi, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Oleq Medunitsya, Avropa Parlamentinin deputatı Ramon Manesku, Lüksemburq parlamentinin sabiq deputatı, Lüksemburqun Hüquqşünaslar Mərkəzinin rəhbəri Jak Ayves Henks, Rumıniyanın Münaqişələrin Qarşısının Alınması və Erkən Xəbərdarlıq Mərkəzinin rəhbəri Yulian Çifu, İsrailin Netanya Akademik Kollecinin Strateji Dialoq Mərkəzinin rəhbəri, istefada olan briqada generalı, keçmiş nəqliyyat və səhiyyə naziri Efraim Sneh, Yunanıstan parlamentinin sabiq deputatı, keçmiş daxili işlər naziri və turizm naziri Yoannis Kefalogiannis, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, Monteneqronun fəxri baş konsulu, Avrasiya İqtisadi Sammitinin təsisçisi Akkan Suver panel iclasında çıxış ediblər. Çıxış edənlər separatizm problemlərinin ölkələr və xalqlar arasında münaqişəni necə gücləndirdiyi barədə fikirlərini söyləyib, problemlərdən çıxış yolları haqqında tezislərini səsləndiriblər.

Forum çərçivəsində erməni separatizmindən bəhs edən videofilm təqdim olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında Ermənistanın nümayiş etdirdiyi destruktiv mövqedən danışaraq bildirib: “Mən düşünürəm ki, bu, çox gözəl platformadır. Həm ekspertlərin burada separatizmlə bağlı çıxışları olacaq, eyni zamanda, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti, bu problemlə əlaqədar danışıqlar prosesi müzakirə olunacaq. Onu da deyim ki, bu tədbir həm Azərbaycan, həm də dünya üçün çox önəmlidir”.

Ukraynalı deputat Oleq Medunitsiya separatizmi bir çox hallarda “saxta təzahür” kimi qiymətləndirib. O qeyd edib ki, öz imperiya statusunu saxlamaq istəyən ölkələr bundan istifadə edirlər. Onlar daim öz qonşuları arasında separatizmi qızışdırırlar. “Əgər biz xəritəyə diqqət etsək, oradakı qanlı, separatist münaqişələrin daha çox keçmiş sovet ölkələri ərazilərində olduğunu görə bilərik.”-deyə deputat çıxışında vurğulayıb.

İsrailin Netanya Akademik Kollecinin Strateji Dialoq Mərkəzinin rəhbəri, istefada olan briqada generalı, keçmiş nəqliyyat və səhiyyə naziri Efraim Sneh isə çıxışında Ermənistanın əleyhinə sərt danışıb. O, separatizmin dünyada kök salmasında beynəlxalq gücləri təqsirləndirib. İkili standartlardan danışan S.Efraim Dağlıq Qarabağ münaqişəsi barədə  qeyd edib: “Azərbaycanın ərazi bütövlüyü müqəddəsdir, beynəlxalq birlik hər kəsə şamil etdiyi prinsipləri Ermənistana etmir. Bunun səbəbi nədir?” “Dünyada Qarabağ probleminin həlli ilə bağlı ikili standart var. Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana gəldikdə dəyişir. Onlar bunu xalqların öz müqəddəratını təyinetmə hüququ adlandırırlar. Məgər hərbi təcavüzlə öz müqəddəratını təyinetmə mümkündürmü? Bu, absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar.” –deyə E.Sneh çıxışında bildirib.

“Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın”, - deyən general vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə olunmamalıdır”.

Növbəti fasilədən sonra Akkan Suverin moderatorluğu ilə “Dağlıq Qarabağ münaqişəsi və müasir dövrdə Avropadakı separatizm hərəkatının müqayisəli təhlili” mövzusunda üçüncü panel iclası keçirilib.

Bu paneldə Azərbaycan Respublikası Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, gənclər və idman komitəsinin üzvü Rövşən Rzayev Forum iştirakçılarına məlumat verib ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı problemi onun üçün həm də şəxsi faciədir, çünki o, özü bu regiondandır və Dağlıq Qarabağ regionunda Azərbaycan icmasını təmsil edir. O qeyd edib ki, vaxtilə beynəlxalq birlik Dağlıq Qarabağın işğalına barmaqarası baxmasaydı, bu gün ola bilsin ki, nə Ukraynanın şərqində müharibə olardı və nə də Kataloniya separatizmi. Deputat, həmçinin Kataloniya və Qarabağ münaqişələrinin eyniləşdirilməsi ilə razılaşmadığını bildirərək deyib: “Kataloniyada üçüncü tərəfin həyata keçirdiyi etnik təmizləmə, soyqırımı, güc və silah tətbiqi olmayıb. Azərbaycanın beynəlxalq birliyə inamı sarsılıb. Bu inam yalnız o zaman bərpa olacaq ki, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcək, beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələrin yerinə yetirilməsini təmin edəcəklər. Deputat həmçinin bu yaxınlarda Tbilisidə başlanmış “Sülh platforması”nın işindən də tədbir iştirakçılarına məlumat verib.

Alman-Azərbaycan Forumunun həmsədri, Almaniya Federativ Respublikasının Bundestaqının sabiq deputatı Helqa Daub bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi işğal olunub. Bu, işğalın klassik formasıdır və burada “xalqların öz müqəddəratını təyin etməsi”ndən danışmaq yersizdir. “Xocalı soyqırımı barədə Almaniyada az bilirlər. Lakin bu yaxınlarda Bundestaqda Ermənistanın hərbi cinayətini xatırladan sənəd qəbul edilib”, - deyə Helqa Daub məlumat verib. O, Azərbaycan xalqına bütün Dağlıq Qarabağ ərazisində və ona bitişik 7 ətraf rayonda öz Konstitusiyasını tezliklə bərpa etməsini arzulayıb.

Moldovanın sabiq ombudsmanı və parlament vəkili Aureliya Qriqoriu Dağlıq Qarabağa münasibətdə “münaqişə” terminini təkzib edib. O deyib: “Bu işğal, təcavüz nəticəsində etnik təmizləmədir. Ermənistanın indiki rəhbərləri Xocalıda azərbaycanlılara qarşı soyqırımında iştirak ediblər. Avropa İttifaqı isə münaqişənin həllini ATƏT-in fəaliyyətsiz Minsk qrupunun öhdəsinə buraxaraq dəvəquşu mövqeyi nümayiş etdirir”.

Jurnalist Maksim Şevçenko da Qarabağa münasibətdə “separatizm” termininin işlədilməsi ilə razılaşmayıb. O deyib: “Bu, müharibədir, separatizm deyil”. Maksim Şevçenko hesab edir ki, azərbaycanlılar Qarabağa qayıtmadan münaqişəni həll etmək mümkün deyil.

Tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya separatizmi ermənilərin xisləti adlandırıb. O bildirib ki, ermənilər harada peyda olublarsa orada dövlət yaratmağa çalışıblar. 1985-ci ildə Afinada Daşnaksütyun partiyasının qurultayında Ermənistanın ərazisinin Gürcüstanın, yaxud Azərbaycanın torpaqları hesabına genişləndirilməsi məsələsi müzakirə olunub və bu işə yalnız bir səs üstünlüyü ilə Qarabağdan başlamaq qərara alınıb. “Bu, gürcüləri ayıltdı, əks halda, biz gürcülər də indiyədək yatardıq. Bu mənada Gürcüstan və Azərbaycan təbii müttəfiqlərdir”, - deyə Quram Marxuliya çıxışını “Ermənistan tarixin səhvidir və bunu düzəltmək lazımdır” sözləri ilə yekunlaşdırıb.

Kişineu Effektiv Siyasət İnstitutunun direktor müavini, ava.md informasiya portalının siyasi analitiki, tarix elmləri doktoru Ruslan Şevçenko Qarabağla Dnestryanı arasında müqayisə aparıb və qeyd edib ki, hər iki halda vaxtilə bu regionlarda immiqrantlar yerləşdiriliblər, sonra özlərini bu yerlərin “sahibi” hiss ediblər və “öz müqəddəratını təyinetmə” barədə danışmağa başlayıblar.

Tarixçi, politoloq, qafqazşünas, pedaqoq, publisist, erməni terrorizmi barədə çoxsaylı elmi tədqiqatların müəllifi Oleq Kuznetsov həmkarı Maksim Şevçenkonun fikirləri ilə razı olduğunu bildirərək qeyd edib ki, Azərbaycana qarşı bir çox hallarda ədalətsizliyə yol verilir. O, 1992-ci ildə “Azadlığa dəstək” Aktına qəbul edilən 907-ci düzəlişin buna bariz nümunə olduğunu xatırladıb.

Bohum Universitetinin professoru Hans-Yoaxim Heintze vurğulayıb ki, öz müqəddəratını təyinetmə hüququ Dağlıq Qarabağ ermənilərinə aid edilə bilməz, çünki onlar “millət” və ya ayrıca “etnos” deyil. “Mən amerikalı siyasətçilərdən Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ barədə hansı hüquqi əsasda danışdıqlarını soruşduqda, onlar etiraf etdilər ki, erməni lobbisi və şantajının təsiri altındadırlar”.-deyə professor çıxışında qeyd edib. O həmçinin bildirib ki, Dağlıq Qarabağ erməniləri milli azlıqdır və beynəlxalq hüquqa görə onlara müstəqillik düşmür.

Digər almaniyalı professor, Qarabağ haqqında bir çox kitabların müəllifi Yohannes Rau qeyd edib ki, ermənilər artıq bir dəfə öz müqəddəratlarını təyinetmə hüququnu reallaşdırıblar. Bu gün ABŞ-da ermənilər Dağlıq Qarabağdakından çoxdur. Məntiqlə, onlar orada da dövlət yaratmalıdırlar. Gücün cavab gücü doğurduğunu və bunun çox təhlükəli olduğunu vurğulayan alim qeyd edib: “Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisindən və digər bölgələrindən çıxmalıdır, ümumi amnistiya verilməli, əsirlər dəyişdirilməlidir, onda Azərbaycan Qarabağa muxtariyyət verə bilər. İstənilən halda beynəlxalq hüquq Azərbaycan tərəfindədir”.

İraq parlamentinin deputatları Arşed Raşad Fatallah, politoloq, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı Aleksandr Karavayev və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini və təkliflərini bildiriblər.

Ekspertlərin və politoloqların çıxışları auditoriyadan suallar və debatlarda fəal iştirakla müşayiət edilib.

Foruma yekun vuran Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məruzəçilərə və tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

Çıxışlar dinlənildikdən sonra  erməni separatizmindən bəhs edən İsrailin “İland TV” telekanalının redaktoru David Kohnun müəllifi olduğu “Qarabağ tələsi” kitabı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qutun 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Xocalıda törədilmiş soyqırımı aktı ilə bağlı dəhşətli hadisələrdən bəhs edən “Ağrı” kitabı və  tarixçi-medievist,  qafqazşünas Oleq Kuznetsovun “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, Forumun işində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Milli Məclisin deputatları, Avropa Parlamentinin, habelə Avropa ölkələri parlamentlərinin üzvləri, həmçinin separatizmdən əziyyət çəkən bir sıra ölkələrin deputatları, siyasətçiləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olan bir sıra ölkələrin sabiq prezidentləri, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edib.

 

 

 





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved