BU GÜN GÜRCÜSTANDA YAŞAYAN AZƏRBAYCANLI TƏLƏBƏ VƏ GƏNCLƏR TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCANA BİR HƏFTƏLİK SƏFƏRİ BAŞLAYIB
İyulun 26–dən 31-dək Gürcüstandakı azərbaycanlı tələbə və gənclər təşkilatlarının bir qrup nümayəndəsinin ölkəmizə səfəri təşkil olunur. Onlar Novxanı qəsəbəsindəki “Aquapark” Əyləncə Mərkəzində istirahət edəcək, Bakı və Bakı ətrafındakı əsas tarixi-mədəniyyət ocaqlar ilə tanış olacaqlar. Bu layihə “Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası ilə bağlı tədbirlər planı”na uyğun olaraq Gürcüstanda yaşayan gənclərin tarixi Vətənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərləri, mədəniyyəti haqqında daha da geniş şəkildə məlumatlandırılması və yay tətilinin səmərəli təşkili məqsədi ilə həyata keçirilir. Layihə artıq 4 ildir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilir.
Bir həftə ərzində Gürcüstanda yaşayan gənc soydaşlarımız iyulun 27-də Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək və Şəhidlər Xiyabanında Vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsini yad edəcəklər. Tələbələrin Heydər Əliyev Fondu, İçəri Şəhərin memarlıq abidələri, Şirvanşahlar Sarayı və Qız Qalası ilə tanışlığı da proqrama daxildir. Bundan başqa soydaşlarımız Atəşgahı gəzəcək, Qobustan Dövlət Qoruğuna, həmçinin “Qala” Dövlət tarixi-etnoqrafik qoruğuna gedəcəklər. Tələbələrə Azərbaycan tarixi mövzusunda mühazirələr söylənəcək, folklorumuz haqqında ətraflı bilgilər veriləcək, ayrıca olaraq Azərbaycan mətbəxi ilə bağlı seminar təşkil olunacaq. Soydaşlarımız Azərbaycan Respublikası Əsir və Girov Götürülmüş, İtkin Düşmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri ilə də görüşəcəklər. Onlara Milli Təhlükəsizlik Nazirliyinin sənədli xronoloji materialları əsasında çəkilmiş “Azərbaycanda erməni terrorizminin izi ilə” filmi göstəriləcək. Gürcüstanda yaşayan azərbaycanıl gənclərin səfəri proqramına Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri ilə görüş də daxil edilib. Qeyd edək ki, 80 nəfərlik qrupa Gürcüstandakı azərbaycanlı gənclərdən ibarət QHT-lərin təmsilçiləri və bu ölkənin ali məktəblərində təhsil alan soydaşlarımız daxildir.
|