• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Müsahibələr


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun müsahibəsi
2013-02-19 | 12:53 |

 Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun müsahibəsi

Son aylar Azərbaycanda baş verənlər, ictimai-siyasi məsələlərlə bağlı gərginliklər “Milyarderlər ittifaqı” ilə bağlı müzakirələri nisbətən arxa plana keçirsə də, hələ ki, Moskvada elan olunan Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) ilə bağlı müəmmaların aradan qalxmaması, bir çox sualların cavabsız qalması faktdır. Elə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla söhbətimizi zəruri edən əsas səbəb də bu müəmmalara aydınlıq gətirməyimizlə bağlı idi.

 

Uzun aylardır müraciət etsək də, bu mövzuda danışmaq istəməyən komitə rəhbəri, nəhayət, görüşə razılıq verdi və bir çox mətləblərə aydınlıq gətirdi. Söhbət əsnasında məlum oldu ki, hələ ötən ilin ilk aylarından Azərbaycan rəsmiləri ilə milyarderlər arasında bu təşkilatla bağlı müzakirələr gedirmiş və rəsmi Bakı RATİ-nin yaradılmasına müqavimət göstərirmiş.

 

“Söyün Sadıqov siyasətçi yox, müəyyən dairələrin layihəsidir”

 

N.İbrahimov Abbas Abbasovla görüşünün ilginc məqamlarını da ilk dəfə “Yeni Müsavat”a açıqladı, həmçinin Söyün Sadıqovla bağlı ilk dəfə olaraq çox kəskin mövqeyini ifadə edərək onun “siyasətçi yox, layihə” olduğunu bəyanladı. 

Komitə sədri ilə görüş fürsəti bulmuşkən diaspor sahəsindəki vəziyyət və ümumiyyətlə, ölkə gündəmindəki digər məsələlərlə bağlı da onun münasibətini öyrəndik. Söhbət əsnasında o da məlum oldu ki, N.İbrahimov Əkrəm Əylislinin “Daş yuxular”ını ilk oxuyan, bununla bağlı mətbuatı məlumatlandıran şəxslərdəndir. Beləliklə, başladıq:

 

- Nazim bəy, bir çox hallarda sizi ittiham edirlər ki, Nazim İbrahimov diaspor təşkilatlarındakı azərbaycanlılar arasında ayrı-seçkilik salır, iqtidarın kursunu dəstəkləyənlərlə müxalifətçilərin bölgüsünü aparır. Bu cür yanaşmalara münasibətiniz necədir?

 

- Artıq on ildən çoxdur ki, Dövlət Komitəsi yaradılıb. Biz də bütün dünyada olan azərbaycanlıları bir araya gətirmək üçün fəaliyyət göstəririk. İlk gündən də dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin yaradılması naminə belə bir şüar irəli sürdük ki, bizim üçün bütün dünya azərbaycanlıları eynidir, o azərbaycanlılar ki, siyasi baxışlarından asılı olmayaraq Azərbaycan dövləti, dövlətçiliyi ətrafında sıx birləşir, Azərbaycanda onlara hörmət edirlər, bu insanların hamısı bizim əzizlərimizdir, onlarla birgə çalışmağa, onların fəaliyyətini dəstəkləməyə hazırıq. Kimlərsə siyasi fəaliyyətlə məşğul olmaq, siyasi baxışlarını ifadə etmək istəyirsə, Azərbaycan demokratik bir ölkədir, burada siyasi fəaliyyət üçün bütün şərait yaradılıb, siyasi partiyalar var və sərbəst fəaliyyət göstərirlər. Azərbaycanın iç siyasətinə dair məsələlərlə bağlı Azərbaycanda fəaliyyət göstərmək olar. Amma Azərbaycanın iç məsələlərini, ictimai fikrə aid məsələləri dünyanın müxtəlif ölkələrindəki meydanlara daşımaq dövlətçiliyimizə ziyan gətirəcək bir amildir və düşmənlərimiz də bu amildən istifadə edirlər.

 

- Diaspor Komitəsinin xaricdəki tədbirlərinə bütün tərəfləri dəvət edibsinizmi?

 

 

 - Biz heç zaman bölgü qoymamışıq. Almaniyada olmuşuq, bizim tədbirlərimizdə hər zaman İsa Qəmbərin qardaşı Rövşən Qəmbər və başqaları iştirak edib, çıxış ediblər. Mən onların toplantılarına getmişəm, heç vaxt siyasi polemikadan qaçmamışıq. Əksinə, hesab edirik ki, bu, daha məqbul yoldur. Üstəlik, apardığımız siyasətin yeganə düzgün siyasət olduğuna inanaraq bu yolu gedirik. Diaspor quruculuğu, ümumiyyətlə, dövlət quruculuğu sahəsində Azərbaycanın inkişafı yolunda yürüdülən siyasətin alternativi yoxdur. Cənab prezident siyasi məsələlərin bu qədər mürəkkəb olduğu bir dövrdə ümummilli maraqlarımızı nəzərə alaraq tam müstəqil siyasət yürüdür. Milli maraqlarımızın müdafiəsində hər kəslə ünsiyyətə hazırıq. Azərbaycandan kənarda olan hər kəsi çağırıram ki, siyasi baxışlarından asılı olmayaraq, hər zaman bizimlə təmasda olsunlar, biz məmnuniyyətlə o təmasları qəbul edirik.

 

- Ukraynada diaspor təşkilatları arasındakı fikir ayrılığını çözmək mümkünsüz idimi ki, siz onları ayrı-ayrılıqda fəaliyyət göstərməyə çağırdınız?

 

 

 - Ukrayna Azərbaycanlıları Konqresinin yaradılma prosesində 1998-99-cu illərdə birbaşa iştirak etmişəm. Bu təşkilatın içərisində, sonrakı proseslər göstərdi ki, ya lider çatışmazlığı var, ya başqa səbəblərdən müxtəlif istiqamətlərdə fikir ayrılıqları əmələ gəldi. Diaspor təşkilatının inkişafı ilə bağlı müxtəlif baxışları olan insanlar artıq bir araya gələ bilmədi. Biz onları bir araya gətirmək üçün çox çalışdıq. Tərəflərdən biri, ya digəri qalib gəldi, digəri narazı qaldı. Bu da sonda Ukrayna azərbaycanlılarının həyatında diaspor quruculuğuna ziyan vura biləcək bir amilə çevrildi. Belə olan halda əgər iki qrup heç cür birgə fəaliyyət göstərmək iqtidarında deyilsə, amma bu insanların hər biri azərbaycanlıdır, onların hər birinin ürəyi Azərbaycanla döyünür, çox yaxşı olar ki, onlar bir-birinə mane olmadan ayrılıqda, sağlam rəqabət şəraitində Azərbaycan dövləti ətrafında sıx birləşsinlər, yaşadıqları ölkə ilə Azərbaycan arasında münasibətlərin inkişafına xidmət etsinlər, həmçinin o ölkələrin ictimai-siyasi həyatında daha fəal iştirak etsinlər. Amma bəzən elə olur ki, - bu, başqa ölkələrdə də var, - azərbaycanlılar arasında gedən mübarizə onların fikrini milli məsələlərdən tamamilə yayındırır. Bu cəhətdən harda ki, belə konfliktlər, barışmaz mövqelər var, - iki insandan söhbət getmir ki, onları barışdıraq, böyük qruplardan söhbət gedir, - onlara müraciət etmişik ki, iki, ya üç təşkilat varsa, Azərbaycan dövlətinə aid məsələlərdə bir olmaq şərtilə paralel şəkildə fəaliyyət göstərsinlər, biz də onlara yardım göstərərik. Bu faktı mən bir neçə dəfə vurğulamışam ki, Kaliforniyada 1300-dən artıq erməni təşkilatı var. Hər hansı bir məsələ ilə bağlı Amerikadakı qurumlara bir, ya iki yox, 1300 təşkilatın adından yazırlar. Burada heç kim araşdırmır ki, bu təşkilatlarda neçə nəfər təmsil olunur, yaxud onlar nə dərəcədə nüfuzlu təşkilatlardır.

 

- Kifayət qədər normal mövqedir. Ancaq bu mövqedə olan Diaspor Komitəsi Rusiyada şərti adı “Milyarderlər ittifaqı” olan qurum yaradılanda çox sərt reaksiya verdi. Olmazdımı ki, Ümumrusiya Azərbaycanlıları Konqresi ilə paralel şəkildə RATİ də fəaliyyət göstərəydi?

 

“Rusiyadakı təşkilatın yaranacağı haqqında çoxdan məlumatımız var idi”

 

- Hər bir ölkəyə xüsusi baxış lazımdır. O zaman sərt baxışımız olanda biz xüsusi olaraq vurğuladıq ki, bir çox ölkələrdə yaranmış təşkilatları müdafiə edirik, yardımçı oluruq. Ancaq bugünkü situasiyada Rusiyada azərbaycanlıların yeni bir təşkilatın yaradılması gələcəkdə Rusiyada mövcud olan təşkilatlarının zəifləməsinə gətirib çıxara bilər. Keçən ilin ortalarında elan olunan təşkilatın (RATİ - E.P.) yaranacağı haqqında bizim çoxdan məlumatımız var idi. İlin əvvəlindən bizim dəfələrlə təmaslarımız olmuşdu.

 

- Konkret kimlərlə?

 

- Şəxsən mənim Abbas Abbasovla görüşüm olub. Biz Moskvada görüşüb məsələni müzakirə etmişik. Biz Abbas Abbasovun təcrübəli dövlət adamı olduğunu nəzərə alaraq Rusiyada mövcud olan təşkilatlardan birinə - hətta konkret olaraq sizə deyim, elə Rusiya Azərbaycanlıları Federal Mədəni Muxtariyyətinə (“AzerRos”) başçılıq edib o təşkilatın daha da güclənməsinə daha böyük töhfə verəcəyi barədə rəyimizi bildirmişdik. Şəxsən mən demişdim ki, əgər Abbas müəllim “AzerRos”da olsa, daha yaxşı olar. Çünki “AzerRos”a Rusiya dövləti tərəfindən müəyyən maliyyə dəstəyi verilir, oturuşmuş bir təşkilatdır. Belə bir təşkilata Abbas Abbasov rəhbərlik etsə, diaspor işinə daha çox fayda verər. Biz bu fikrimizdə axıra qədər durduq. Bizim verdiyimiz bəyanatların hamısında təşkilat adı çəkmədən bu xətt açıq-aydın görünürdü ki, daha yaxşı olardı diaspor işində fəal iştirak etmək istəyən şəxslər mövcud təşkilatların birinə başçılıq etsinlər, bu, bizim tərəfimizdən rəğbətlə qarşılanar və alqışlanar. Yəni bizim bəyanatlar konkret Abbas Abbasov, yaxud digər şəxsin əleyhinə deyildi.

 

- Təqribən bir il sonra Abbas Abbasov “AzerRos”un rəhbərliyinə, Ağsaqqallar Şurasının sədri postuna gətirildi.

 

- Onu da biz etmədik ki. “AzerRos” üzvləri Abbas Abbasovun quruma rəhbərlik etməsini istədilər. Müəyyən müddətdən sonra bizim mövqeyimizə gəldilər ki, belə olsa, daha düzgün olar. Yəni RATİ-nin yaradılması bir o qədər də məqsədəuyğun deyildi. Bu, Azərbaycan təşkilatlarında daha çox problem yaradardı. Hər bir qərar verilərkən dövlətin diaspor siyasəti, milli azlıqlara münasibət, diaspor təşkilatlarına baxışı nəzərə alınmalıdır. Ölkələr var ki, mövcud olan milli azlıqların təşkilatlarının varlığından o millətlərin adını daşıyan ölkəyə qarşı istifadə edirlər. Yəni hər bir ölkənin özünəməxsus siyasəti var.

 

- İlk gündən sizdə belə bir məlumat var idimi ki, Rusiya “Milyarderlər ittifaqı”ndan istifadə edə bilər, yaxud istifadə etmək istəyir və ona görə belə sərt münasibət bildirdiniz?

 

- O informasiyalar barədə dövlət rəsmisi olaraq mənim şərh verməm düzgün olmazdı. Biz sadəcə düşündük ki, belə bir qurumun yaradılması ümumi işimizə ziyan vura bilər. Kimsə bizim əleyhimizə istifadə edə bilər-bilməz, bütün bunlar hamısı ictimai fikirdə müzakirə olunacaq məsələlərdir. Abbas Abbasov cənab prezident tərəfindən qəbul da olundu, hazırda “Azerros”a başçılıq da edir.

 

- Abbas Abbasovun qurum rəhbərliyinə gəlməsi rəsmi Bakı ilə anlaşmanın olmamasının nəticəsi idi, yoxsa ona xeyir-dua verildi? Belə məlumatlar yayıldı ki, Prezidentlə Abbasovun görüşü nəticəsiz bitib...

 

- Mən güman etmirəm ki, elə bir şey olsun. Abbas Abbasov azərbaycanlıdır, hər zaman bəyan edib ki, Azərbaycan dövlətinə xidmət edəcək. Ümummilli liderin hər zaman onun müəllimi olduğunu, cənab prezidenti hər zaman müdafiə etdiyini, ona çox yaxın olduğunu söyləyib. Bu fikirlərinin arxasında, əlbəttə, ona uyğun fəaliyyəti də dayanmalıdır. Hesab edirik ki, Abbas Abbasov gələcək fəaliyyətində Azərbaycan prezidentinin siyasətini tam dəstəkləyəcək və Azərbaycan dövlətçiliyi ətrafında olan insanları sıx birləşdirərək gələcəkdə ölkələrimiz arasında münasibətlərin inkişafına xidmət edəcək. Əgər belə olacaqsa, təbii ki, biz Abbas Abbasovun başçılıq etdiyi təşkilatla bir yerdəyik, gələcək fəaliyyətimizdə də onlara hər zaman yardımçı olacağıq. Yox, əgər fəaliyyətlərində müəyyən başqa nüanslar üzə çıxarsa, - bunu heç arzulamırıq da, - onda əlbəttə ki, diaspor siyasətində bu faktorların hamısı nəzərə alınacaq.

 

- Son vaxtlar Abbas Abbasovla bir daha görüşünüz oldumu?

 

- Yox, görüşməmişəm. Onlar tərəfindən təklif olmayıb. Bütün dünya azərbaycanlıları üçün, məcazi mənada desək, Həcc Bakı şəhəridir. Köhnə dövrlər qurtardı. O zamanlar mərkəz Moskva idi. Sözsüz ki, sifarişli Həcc olmur. Bu gün də biz məcazi mənada Həccin Moskva olduğunu düşünmürük. Əgər Moskvadakı o təşkilat bizim hörmət etdiyimiz hər bir azərbaycanlının təşkilatıdırsa, biz də Azərbaycan dövlətinin rəsmi nümayəndələri, rəsmi nümayəndəliyik. Kim kimin yanına getməlidir, bu kimi ifadələr təcrübəli dövlət adamlarına uyğun olmayan ifadələrdir. Hər bir azərbaycanlı üçün mərkəz Bakı şəhəridir. Bütün dünya azərbaycanlıları da çalışmalıdırlar ki, hər zaman bütün fikirlərini, ideyalarını bu mərkəzlə əlaqələndirsinlər.

 

- Elan olunmasından qısa müddət sonra fəaliyyəti dondurulan “Milyarderlər ittifaqı”nın perspektivi ilə bağlı nə düşünürsünüz?

 

(Ardı növbəti sayımızda)

 

 

Yeni Müsavat

18 fevral, 2013





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved