• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Müsahibələr


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun müsahibəsi (üçüncü hissə)
2013-02-25 | 13:10 |

 Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun müsahibəsi (üçüncü hissə)

 - Diaspora sahəsinə ayrılan milyonların taleyindən də çox yazılır. Hara gedir o milyonlar?

 
- Azərbaycan büdcəsinə nəzarət edən orqanlar var, hər zaman da yoxlamalar aparırlar. Ona görə də hər hansı vəsaitin təyinatından kənar xərclənməsi qeyri-mümkün məsələdir. Çalışırıq ki, ayrılan vəsait Azərbaycanın diaspor təşkilatlarının inkişafına xidmət etsin. Dünyada bizim 430-dan artıq diaspor təşkilatı var və bir o qədər də diaspor sahəsində iş görmək istəyən QHT-lər var. Bu qurumların əksəriyyəti çalışır ki, komitə onların layihələrini maliyyələşdirsin. Bu, bəzən alınır, bəzən yox, bəzən də biz məqsədəuyğun saymırıq.
 
- Əslində görüşümüz sizin ad gününüz ərəfəsində olmalı idi, baş tutmadı. Prezident dəbdəbəli ad günlərindən danışmışdı. Siz ad günlərini necə qeyd edirsiniz?
 
- Mən heç ad günü keçirmədim, belə şeyləri sevmirəm. Həyat yoldaşım və iki övladımla birgə adi qaydada qeyd elədik. Elə dəbdəbəli ad günü keçirməyim də yadıma gəlmir.
 
- Gürcüstan azərbaycanlılarının problemləri nə zaman həllini tapacaq?
 
- Gürcüstan azərbaycanlılarının rahat yaşamını təmin etmək üçün əlimizdən gələn hər şeyi edirik. Nəinki bizim tərəfimizdən, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən xeyli işlər görülüb. Bir neçə ildir ki, oradakı ictimai təşkilatların gücləndirilməsi, məktəblərin təmiri, dərsliklərlə təmin olunması, dil kurslarının açılması, Azərbaycan dilində nəşr olunan qəzet-jurnalların inkişafı üçün çox böyük maliyyə ayrılıb. Hətta son bir neçə il ərzində Dövlət Komitəsinə ayrılan vəsaitin yüzdə əllisi Gürcüstan azərbaycanlılarına ayrılıb. Dövlət böyük işlər gördü, orada olimpiya mərkəzi tikildi, məktəblər təmir olundu. Bəzi yerlərdə görülən işlər hətta Gürcüstan tərəfinin narazılığına da səbəb olurdu ki, azərbaycanlıların məktəbləri gürcü məktəblərindən daha yüksək təmirli, daha təminatlıdır, yaxud Gürcüstanda belə olimpiya mərkəzi yoxdur. Burda da həqiqət var, çünki bu, bütövlükdə Gürcüstanın problemidir, təkcə azərbaycanlıların yox. Müqayisə etdikdə Gürcüstan azərbaycanlılarının yaşam səviyyəsi Azərbaycandakı azərbaycanlılara nisbətən aşağı ola bilər. Amma son illərdə onları narahat edəcək ciddi problem yoxdur.
 
- Ancaq bu gün əsas problem onların Azərbaycana gəlib-getmələrinə qoyulan məhdudiyyət, üç aylıq müddətin bir aya endirilməsidir...
 
"Gürcüstan azərbaycanlılarının Azərbaycana gəlib-getməyində heç bir problem olmayacaq"
 
- Bunlar hamısı yoluna qoyulacaq məsələlərdir. İşgüzar şəraitdə bunlar həllini tapacaq. Güman edirəm ki, Gürcüstan azərbaycanlılarının Azərbaycana gəlib-getməyində heç bir problem olmayacaq, bu məsələlər yoluna qoyulacaq.
 
- Güneyli lider, hazırda Amerikada mühacir olan Mahmudəli Çöhrəqanlının Bakıya gəlməsinə nə zaman izn veriləcək?
 
- Bilmirəm, Mahmudəli Çöhrəqanlı bizə heç vaxt müraciət etməyib.
 
- Azərbaycan rəhbərliyinə müraciətləri olub...
 
- Mənim bu müraciətlərdən xəbərim yoxdur. Zamanında mənim bununla bağlı bir müsahibəm olub. Çöhrəqanlının Bakıya gəlməyini məsləhət bilməmişik, o zaman Azərbaycandan kənar bəzi qüvvələr tərəfindən müəyyən təxribatların ola bilməsi ehtimalları var idi. Demişdim ki, indiki şəraitdə o, Azərbaycana gəlməsə, daha yaxşı olar. Ancaq indi güman edirəm ki, belə bir problem yoxdur.
 
- Yəni sərbəst gələ bilər?
 
- Bilmirəm. Mən bu işlərdə söz sahibi, kiminsə gəlib-getməsinə qərar verən adam deyiləm. Çünki müəyyən səbəbləri də dərindən bilmirəm.
 
- Bizə müsahibənizdə demişdiniz ki, İranda yaşayan azərbaycanlılarla işləyə bilmirsiniz. Günün birində Təbrizə getmək, azərbaycanlılarla görüşüb onların problemlərini dinləməyi düşünürsünüzmü? Yoxsa İran hakimiyyətinin qəzəbindən ehtiyatlanırsınız?
- Yox. İndi onun tam əksini deyə bilərəm. Artıq İran dövləti hətta bir neçə dəfə məni rəsmi səfərə də dəvət edib. Dövlət komitəsi yaranandan bizim İranda fəaliyyətimiz yoxdur. İran bizə dost, qardaş ölkədir. Bu yaxınlarda İranın Azərbaycandakı səfiri mənim ən qısa zamanda İrana səfər etməyimi istədiyini dedi. Yəni artıq rəsmi dəvət də var. Güman edirəm ki, gələcəkdə bizim Avropadakı cənubi azərbaycanlılarla olan əlaqələrimizdə bu faktor müsbət rol oynayacaq.
 
- Demək, İrana tezliklə səfər olacaq?
 
- Hələ qərar verməmişik. Amma düşünürəm ki, əgər rəsmi dəvət varsa, bu məsələyə baxmaq olar.
 
- İş adamı, qardaşınız Hacı İbrahimin tikintisinə başladığı “Xəzər adaları”nda olubsunuzmu?
 
- Getmişəm. Çox böyük ideyası olan bir layihədir. Hacı İbrahim də bu layihəni çox böyük müvəffəqiyyətlə həyata keçirir. Tikinti işlərinin müəyyən hissəsini də başa çatdırmaq üzrədir. Əlbəttə, uzun müddətli bir layihədir və güman edirəm ki, mərhələlər üzrə bu işi müvəffəqiyyətlə başa çatdıracaq. Bu fakt bir daha göstərir ki, Azərbaycan prezidentinin siyasəti nəticəsində iş adamlarına gözəl şərait yaradılıb və artıq iş adamları müstəqil şəkildə şəhər tikə bilirlər. Sizi inandırıram, dünyanın başqa ölkələrində iş adamları bu cür ideyalarla çıxış edə bilməz. Bu, Azərbaycanın adına layiq böyük layihədir.
 
- Bu layihə ilə bağlı çox şayiələr dolaşır. O layihədə sizin payınız nə qədərdir?
 
- Mənim heç bir payım, heç bir iştirakım yoxdur.
 
- Bu şəhərdə mənzil almaq fikriniz də yoxdur?
 
- Yox, mənzil alacağam. Amma maaşım imkan verdiyi səviyyədə. (gülür)
 
- Elə də çox deyil. Mənzillərin kvadratmetri 3 mindən başlayır.
 
- Bizim ona gücümüz çatmaz. İpoteka krediti ilə mümkün olsa, “Xəzər adaları”nda mənzil alaram.
 
- Deyirsiniz yəni qardaşınız Hacı İbrahim sizə heç olmasa bir mənzil də bağışlamayacaq...
 
- (Məmnunluqla gülərək) Bu, başqa məsələ.
 
- Nazim bəy, Əkrəm Əylislinin “Daş yuxular”ını oxudunuz yəqin. Kifayət qədər tənqid, qınaq, hətta təhdidlər oldu, məsələ ölkə sərhədlərini aşdı. Necə bilirsiniz, bundan sonra nə etmək lazımdır?
 
"Daş yuxular”ı ictimaiyyətə ilk dəfə biz açdıq"
 
- Bu məsələni ictimaiyyətə biz açmışıq və ilk oxuyanlardan biri də biz olmuşuq. Bu əsər çıxandan iki gün sonra onu komitəmizin əməkdaşları mənə təqdim etdilər. Oxudum, dəhşətə gəldim. Bir naxçıvanlı olaraq XX əsrin əvvəlində Andranikin başçılığı ilə daşnak ordusunun Naxçıvanda necə törətdiyi vəhşiliklərin şahidləri ilə uzun-uzadı söhbətlərimiz olub. Hətta bizim Nehrəm kəndini mühasirəyə alıblar, kənd sakinləri çox böyük çətinliklə kəndi tərk edə bilib. O, zaman Nehrəmdə bir neçə nəfər erməni yaşayıb. Azərbaycanlılar onları da evlərdə gizlədiblər, qoruyublar. Həmin ermənilər əcəlləri ilə dünyasını dəyişənə qədər Nehrəmdə yaşadılar. Andranik ordusunun vəhşilikləri barədə həmin ermənilərin özlərinin söhbətlərini eşitmişəm. Hamilə qadınların belinə yanar samovar bağlayıb onlara dəhşətlər yaşatdıqlarını danışırdılar. Bunlar hamısı həqiqətlərdir və Əkrəm Əylisli də bunları bilməmiş deyil. Buna onun yaşı da imkan verir ki, o hadisələrin iştirakçıları olan naxçıvanlılarla söhbətlər etsin, ermənilərin nə vəhşiliklər törətdiklərini bilsin. Yaxud əsərdə yazdığı türk ordusunun Naxçıvana gəlişi nə üçün idi? Onlar Naxçıvanı istila etməyəmi gəlmişdilər? Onlar daşnak ordusunun tör-töküntülərinin, Andranikin qoşununun qarşısını almağa gəlmişdilər. O zaman azərbaycanlılara qarşı soyqırım aktının olduğu faktdır. Biz 31 martı soyqırım günü kimi qeyd edirik, ortada Quba məzarlığı var. 
Bütün bunların hamısını görərək, bilərək, bizim 20 il ərzində apardığımız mübarizənin birdən-birə balta ilə kökündən vurmaq, azərbaycanlıları qaniçən, başkəsən kimi qələmə vermək - nəinki kişiləri, hətta qadınları da - bu, ermənilərin düşmənçiliyindən də ağır zərbədir. Mən bunu Əkrəm Əylislinin Azərbaycan xalqına etdiyi ən böyük düşmənçilik sayıram. Hətta bəzi yerlərdə söyləyirlər ki, Əkrəm Əylislinin mənşəyi ermənidir. Bu, təsdiq olunmamış bir şeydir. Amma bu gün hər bir kəs rahat olar ki, o, çıxıb söyləsin ki, “mən erməniyəm”. Onun qəhrəmanı elə özünün obrazıdır. O əsərdə “Arzum olub ki, gedim Eçmiədzində xristianlığı qəbul edəm və dua edəm ki, Allah mənim kimi müsəlmanların günahından keçsin”, yaxud “Hər bir öldürülən erməniyə bir şam yandırılsa, o şamların işığı dünyanı Ayın işığından daha gur işıqlandırar” kimi ifadələr var. Bu kimi məqamlar ermənilərin bədbəxt etdiyi, şikəst qoyduğu, ailə üzvlərini məhv etdiyi insanlara qarşı çox böyük həqarətdir. Deyilə bilər ki, zamanında çox adamlar yazıblar, amma təbii ki, bu tipli yazanlar olmayıb. İctimai çatışmazlıqları üzə çıxarmaq olar. Yazıçılar kəskin ifadələr işlədə bilər. Elə ötən əsrin əvvəlində Cəlil Məmmədquluzadənin, Sabirin yazdıqları əsərlərdə çox şeylər var, mövhumatı məsxərəyə qoyublar, pisləyiblər. Amma birdən-birə milli zəmində, bizim dünyanı həqiqətlərimizə inandırmaq həddinə çatdığımız bir zamanda arxadan bizə zərbə vurmasını Əkrəm Əylisliyə bağışlamaq olmaz. Təbii ki, mən işlədilən bəzi ifadələrlə, təhqirlər və təhdidlərlə razı deyiləm, belə şeylər bizim millətə xas deyil. Amma ictimai rəy bu məsələyə öz qiymətini verməlidir və verir də.
 
- Proses yekunlaşmalıdırmı, yoxsa...
- Daha bundan sonra Əkrəm Əylisli haqqında, artıq özü bir şəxsiyyət kimi bitmiş adam haqqında bu qədər danışmağa, məncə, ehtiyac yoxdur. Hökmən deyil ki, o, fiziki cəhətdən mövcud olsun. Elə insanın şəxsiyyətini əlindən almaq ona ən böyük sarsıntı, zərbədir. Əkrəm Əylisli bundan sonra Azərbaycanda nə qədər uzun müddət yaşayarsa, bu, onun özü üçün mənəvi baxımdan ən böyük cəzadır. O, bir şəxsiyyət olaraq Azərbaycan üçün artıq bitib. Fakt budur ki, Azərbaycana, onun tarixinə çox böyük zərbə vurdu və düşmən bundan çox böyük ustalıqla istifadə edəcək, artıq edir də.
 
- Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Ağ Evin petisiyasında Xocalı ilə bağlı səsvermə keçirildi. Düzdür, 100 min səs azərbaycanlılar üçün böyük rəqəm deyildi, amma tezliklə də yekunlaşdı. Bundan sonra nə gözləmək olar?
 
- Elə həmrəylik bu idi. Çox qısa müddətdə səsvermə yekunlaşdı. Hər kəs də girib ora səs verə bilmirdi, təcrübəmiz də çox deyildi, ingilis dili amili də vardı. Ancaq o qədər petisiya içərisində səsvermənin yekunlarına görə ikinci, amma sürətinə görə birinci yerdəyik. Əgər biz təbliğatı dayandırmasaydıq, orda 200 min səs nəzərdə tutulsaydı, o qədər də toplanardı. Bu, bir daha onu göstərdi ki, virtual aləmin nə qədər böyük imkanları var və azərbaycanlılar ciddi məsələlərdə həmrəy olmağı bacarır. Yəni kimlərsə söyləməsin ki, azərbaycanlıların həmrəyliyi zəifdir. Zəif deyil. Ermənilər qondarma “soyqırım” məsələsini qoyublar və çox aşağı, minə yaxın səs alıblar. Düzdür, bu işin ağını da çıxartmaq olmaz. Biri deyir dolma bizimdir, başqası hətta nağaranın çıxartdığı səsə iddia edir. Hətta belə adamları tapıb ictimai qınaqla üz-üzə qoymaq lazımdır. Yəni dəyərli məsələlər zarafat, lağlağı yeri deyil. İnsanlar gecə-gündüz deməyib o qədər səs topladılar ki, Ağ Evdə Xocalı haqqında bir söz deyilsin.
 
- Ağ Evdən gözlənilən reaksiya gələcəkmi?
 
- Əgər belə bir məsələni Ağ Ev rəsmi saytında yerləşdiribsə, belə bir plan qurubsa - yanvar ayına qədər imza sayı 25 min idi, sonra birdən-birə 100 minə qaldırıldı - görünür, reaksiya veriləcək. Yoxsa insanlar səs toplayandan sonra Amerika buna reaksiya verməsə, bu, dövlətin nüfuzuna xələl gətirər. Belə məsələlərlə zarafat olmaz. Amerika qlobal siyasətdə öz yerini, mövqeyini qoruyub-saxlamaq istəyirsə, özünün qurduğu məsələlərə mütləq reaksiya verməlidir. Biz Xocalı soyqırımını hansı səviyyədə tanıda biləcəyiksə, bu, bizim müvəffəqiyyətimizdir. Bu, həm də o deməkdir ki, Azərbaycan xalqı onun başına gətirilən heç bir müsibətdən unutmur, unutmayacaq və buna görə də onunla ehtiyatlı olmaq lazımdır. Ermənilərin qondarma “soyqırımı”nın yüz illiyi ərəfəsində bizim də çoxlu addımlarımız olacaq, müzakirə etmişik, tədricən ictimaiyyətə də açacağıq. Mən sizin qəzet vasitəsilə xaricdə yaşayan soydaşlarımıza, bütün Azərbaycan ictimaiyyətinə, mətbuat orqanlarına, hər kəsə öz dərin təşəkkürümü bildirirəm ki, Xocalı ilə bağlı səsvermədə bizimlə bir oldular və bu işin təbliğində fəallıq nümayiş etdirdilər.
 
 
Yeni Müsavat
20 fevral, 2013




2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved