• Beynəlxalq Forumda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunubBeynəlxalq Forumda Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
  • Misirin Misirin "Nil Mədəniyyət" kanalında Azərbaycan haqqında veriliş yayımlanıb
  • Türkiyə Azərbaycan Dərnəklər Federasiyası dövlət çevrilişinə cəhdi qınayıbTürkiyə Azərbaycan Dərnəklər Federasiyası dövlət çevrilişinə cəhdi qınayıb
  • Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Ukrayna Qeyri- Hökümət Təşkilatları Assosiasiyası bəyanat yayıbUkrayna Qeyri- Hökümət Təşkilatları Assosiasiyası bəyanat yayıb


Müsahibələr


Elçin Orucov - Min bir naxış içində
2013-03-12 | 16:36 |

 Elçin Orucov -  Min bir naxış içində

Rəssamlığın incəliklərini bilmədən naxış yaratmaq olarmı? Ukraynanın Xarkov şəhərində yaşayan həmyerlimiz Elçin Orucov çəkdiyi naxışlarla sübut etdi ki, Tanrıdan gələn istedadı zəhmət hesabana onu nəinki peşəkar səviyyədə təqdim etmək, hətta bir toplu halında gələcək nəsillərə ötürmək də mümkündür. Rəssam yalnız fəaliyyətini bununla məhdudlaşdırmır. O, plastilin vasitəsilə yer üzündə məlum olmayan heyvanlar duzəldib, animasiya rəssamlığında da gücünü sınayır. Onun yaratdığı bu şirin personajlar hələ Mikki Maus, Tom və Cerri, Şrek, Çeburaşka və s. cizgi film qəhrəmanları kimi öz talelərini yaşamasa da, əminik ki, Miko, Jozi, Fifi və yüzlərlə obrazlar uğurlu ömürləri ilə neçə-neçə dövrün uşaqlarına sevinc gətirəcək. 

 
 
Gəlin, rəssamın yaradıcılığı ilə daha yaxından tanış olaq.
 
- Mən 1969-cu ildə Naxçıvan şəhərində anadan olmuşam. Orta məktəbi bitirəndən sonra təhsilimi Xarkov Dəmiryol nəqliyyatı Akademiyasında, ondan sonra Xarkov Dövlət Universitetinin “Biznes və menecment” fakültəsində davam etdirmişəm. Ali təhsildən sonra bir müddət kommersiya ilə məşğul olmuşam. Uzun müddət reklam sahəsində də işləmişəm. Firma yaradıb, fəaliyyət göstərsəm də ictimai işlərdə , o cümlədən Xarkovdakı «Xətai» Azərbaycan mədəni cəmiyyətinin fəal üzvü idim. Bütün tədbirlərin təşkilatçılıq işlərində iştirak edirdim. Daha sonra Xarkov Dövlət Universitetinin “Sosiologiya” fakültəsini bitirdim. Bununla belə həmişə özümü axtarırdım . Deyim ki, içimdə şəkil çəkmək istəyi uşaqlıqdan olub və hətta vaxtılə uşaq jurnallarında da çəkdiyim şəkillər dərc edilib. Nədənsə, sənətdən qaçırdım. 10 il bundan əvvəl isə işlərimlə bağlı dərin mənəvi-emosional sarsıntı keçirdim və həmin ərəfədə davamlı olaraq naxışlar çəkməyə başladım. Hər şey də elə ondan sonra başladı. Göründüyü kimi mən sənətdən nə qədər qaçsam da, sənət axırda özü məni yaxaladı. Düşünürəm ki, bəlkə də nə vaxtsa incəsənət dalınca getsəydim, bu layihələr də olmazdı. Çünki bu layihələr azadlıqdan yaranıb. Hər hansı bir incəsənət məktəbi isə adamı müəyyən bir çərçivəyə və qəlibə salır. Sənət isə sərbəst olmalıdır. Hamıya bəllidir ki, yaradıcılıq diplomla ölçülmür, onun başqa tərəzisi vardır. O da insanların gözləri və qulaqlarıdır.    
     Əvvərlər bunu bir hobbi kimi qəbul etsəm də, gördüm ki, bu, həyatımda artıq ciddi sənətə çevrilir. Sanki bir maniya yaranmışdı. Hara baxırdım naxış görürdüm. Belə desəm, beynim ancaq naxışa işləyirdi. Dayanmadan naxışlar çəkirdim – friz naxışlar, bardur naxışlar, 4 çevrə üzərində qurulan naxışlar, sonralar isə tam çevrə naxışları (rozetkalar). Sonra mozaika və labirint naxışları çəkməyə başladım. Bütün bunların hamısı məqsədli şəkildə olmayıb. Elə bil ki, hansısa məlum olmayan bir kanaldan mənə naxışlar gəlirdi və mən də onları itirməmək üçün acgözlüklə kağıza köçürürdüm. Fantaziyamı azadlığa buraxmışdım. O da bildiyini etdi. Bir də “oyandım” ki, 2500-dən artıq müxtəlif naxışlar yaratmışam.
 
Naxışlar insanların təbiəti təkrarlamaq cəhdidir 
 
- Allah insana ilkin material verib. Deyək ki, dünyada olan bitkilərin, heyvanların, məsələn, güllərin, kəpənəklərin, ilanların, müxtəlif böcəklərin və s. üzərində naxışlar vardır. Amma Allah bu ilkin materialı insana verib, naxışı çəkməyi isə insanın öhdəsinə buraxıb. Heç bir naxış təbiətdə biz gördüyümüz şəkildə mövcud deyil. Odur ki, naxış insanın yaratmaq qüvvəsindədir. Naxış gözəllik, təbiətə bağlılıq deməkdir. Mənim üçünsə bu canlı bir substansiyadır. Sadəcə, rəng yığımı deyil. Naxış yaşayır, döyünür, nəfəs alır... Çünki hər bir yaranan naxışın öz ritmi, öz daxili qanunauyğunluqları var… Onların hamısı ən gözəl ornamental xalça elementləridir, ən zərif naxışlar kimi zərgərlikdə istifadə olunacaq bir naxışlardır. Mənim yaratdığım naxışların tətbiq sahəsi çox genişdir. İnsan həyatının hər bir sahəsində naxışlarımın yeri vardır. İnsan özü də düşünmədən evdə instinktiv olaraq özünü naxışlarla əhatə edir. Məsələn, qabların, ev əşyalarının üzərində naxışlar olur, xalçalar, pərdələr, geyim paltarları, bəzək aksessuarları və s. Ümumiyyətlə, naxış bəzək deməkdir. İnsan nə yaradırsa, ona mütləq bəzək verir. Bu da yəqin ki, insanın təbiətindən gələn bir şeydir. Onu da insan dəyişə bilməz. Qəribədir ki, naxışlar kişilər tərəfindən yaradılsa da, ondan daha çox qadınlar istifadə edir. Çünki naxış təbiət deməkdir və mənə görə qadınlar təbiətə daha çox yaxındırlar. Digər bir tərəfdən də qadınlar insanların naxışlarıdır. 
 
    
Ürək döyüntüləri arasında yaranan naxışlar…
 
- Ümumiyyətlə, bır naxışın ərsəyə gəlməsi üç mərhələyə bölünür: ən əvvəl hər hansı bir naxış elementini fikirləşirsən, onu beynində bir müddət gəzdirirsən, onunla “yaşayırsan”. Necə deyərlər, ilham gələndə o naxışın necə olacağını yaradırsan. Bu çox gərgin bir prosesdir. Elementlər bir-biriylə uyğun olmalıdır, müəyyən daxili ritm, axarlılıq olmalıdır və s… Bu onlarla eskizləri, düzəlişləri, dəyişikləri əhatə edir. İkinci mərhələnin sonunda naxışa “ruh” verirsən. Bunu heç bir sözlə ifadə edə bilmirəm. Elə məqamlar var ki, o mənim real şüurumdan asılı deyil. O təxəyyül dünyasının səlahiyyətindən asılı olan şeylərdir. İnanıram ki, hər bir yaradıcılıq prosesi Tanrının müdaxiləsi olmadan baş tuta bilməz. Nəhayət, ən son mərhələdə naxışın təqdimat variantıni işləyirsən. Son qərardan sonra naxışı oturub işləmək lazımdır. Bu da artıq dərəcədə səbr, dəqiqlik və peşəkarlıq tələb edir. İnanırsız ki, bu son mərhələdə nəfəsimi dərib işləyirəm. Ürəyin hər döyüntüsü əlimdəki qələmin lazım olan tərəfə yönəlməyinə mane ola bilər. Ona görə də naxış çəkəndə son dərəcə həssas olmaq lazımdır. Beləcə qələmimdən 2500 naxış çıxıb …  
 
 
Alma-almaya bənzəməz
 
- «Alma-almaya bənzəməz» layihəsində içərisində müxtəlif naxışlar olan almalar çəkmişəm. Düzdür, belə deyirlər ki, icazəsiz yedikləri almaya görə Adəmlə Həvva cənnətdən qovulublar. Ona görə də almanı çox vaxt «günahkar» meyvə kimi qələmə verirər. Mənsə, yaratdığım almalar vasitəsilə demək istəyirəm ki, bu, meyvə yeri gələndə özündə bütün dünyanı belə əks etdirir. 
 
Lemo,Miko, Rafo, Kleo, Zemo, Bolli, Memi…
- Naxışlar çəkə-çəkə məndə personajlar yaratmaq istəyi də yarandı. Bu personajlar bir növ həyatda mövcud olmayan varlıqlardır. Yəni hər hansı bir məkandamı, planetdəmi bilmirəm, həmin o yerlərin sakinləridir. Onların formasının necə ərsəyə gəlməsini bilmirəm. Bircə onu bilirəm ki, onlar bir-birilərini təkrarlamamalıdırlar. Əvvəlkindən daha gözəl olmalıdır fikri ilə işə həvəslə başlayıram. Bu, əslində çox çətindir. Hər hansı bir rəssam bir heyvanı çəkirsə və işini uğurla bitirirsə (yəni çəkdiyini nəyəsə oxşatmağa nail olursa), məndə əksinədir. Çünki özüm plastilin parçasından məlum olmayan bir heyvan yaradıram. Elə bir heyvan ki, o müsbət enerjisi ilə uşaqlarla yanaşı, böyüklərin də ürəyinə yol tapmalıdır. Sözsüz ki, işim mənə maraqlı gəlir. Çünki gözlərim qarşısında yeni bir varlıq yaranır. 
Elə onların adları da heç yerdə rast gəlinmir. Çünki o adları da özüm uydururam. Minə yaxın personaj mövcud olduğundan bütün adları yadda saxlamaq olmur. Amma bəzilərinin adlarını sadalaya bilərəm, məsələn, Miko, Jozi, Fifi, Lemo,  Rafo, Kleo, Zemo, Bolli, Memi, Kokito və s. Çox pozitiv personajlardır. Onlar xoş bir dünyanın varlıqlarıdır. Bir də onu deyim ki, 1000-ə yaxın personajın hamısını kompüterdə deyil, əllərimlə yaratmışam…
     Qeyd edim ki, bu, transmilli bir layihədir. Yəni yaratdığım varlıqların milliyəti yoxdur. Bu transmilli layihəni məşhur animasiya studiyalarına da təqdim etmək fikrim var. Amma sözsüz ki, dəstək alsam Azərbaycanda bir animasiya studiyası yaradardım. Azərbaycan brendi olaraq bir transmilli animasiya layihəsi kimi dünyaya tanıdardım. İndiki dövrdə Şrek, Mikki Maus hər evə girib. Onlara baxmaq üçün heç kim Amerikaya getmir, onlar özləri evlərə «gəlirlər». Çünki onlar da transmilli qəhrəmanlardır. 
 
«Min bir buta»
- Planlarım çoxdur. Onlardan biri də min bənzərsiz buta yaratmaq və «Min bir buta» adlı kitab buraxmaqdır. Naxışlarda müəyyən bir simmetriya qanunauyğunluğu varsa, bunlar butada yoxdur. Ona görə də buta yaratmaq daha çətindir. Özümü xalça rəssamlığında da sınayıram. Gözəl kompozisiyalı 2-3 xalça eskizləri çəkmişəm. Planımda yüzə yaxın milli koloritli və öz naxışlarımdan ibarət gözəl xalçalar yaratmaq arzusu var. Bunlar hamısı böyük vaxt, böyük səbr və əmək tələb edir. 
 
 
    Mənim bir devizim
- “Dünyanı Azərbaycana gətirmək lazım deyil, Azərbaycanı tanıtmaq üçün elə bir layihə yaratmalısan ki, Azərbaycan özü dünyaya getsin, şüurlara həkk olunsun!”. Mən bir azərbaycanlı kimi yaratdığım bütün işlərimi öz xalqıma həsr edirəm. 
 
 
 
 
Ülviyyə Heydərova
 
 
 
 
 
 
 
 




2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
2014-07-15 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved