• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Müsahibələr


Nərgiz Əliyeva: "Gürcüstan mətbuatı ilə daha sıx əlaqə yaratmalıyıq."
2013-04-12 | 16:20 |

Nərgiz Əliyeva:
Müsahibimiz Gürcüstanın Marneuli şəhərində yaşayan soydaşımız Nərgiz Əliyevadır. Nərgiz Əliyeva Moskva Dövlət İqtisadiyyat, Statistika, İnformatika Universitetinin hüquq fakültəsini bitirib. Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin və mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır, eyni zamanda Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədr müavinidir. 
Nərgiz xanımla söhbətimiz gürcü mətbuatında azərbaycanlıların həyatının işıqlandırılması məsələləri üzərində quruldu. Çünki mətbuat ölkənin simasıdır və dost, qonşu Azərbaycanın bu “sima”da necə göründüyü bizim üçün maraqlıdır.
 
- Nərgiz xanım, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan təşkilatları fəallığı ilə seçilir. Maraqlıdır ki, keçirilən tədbirlər Gürcüstan ictimaiyyəti tərəfindən necə qarşılanır, yerli mətbuatda işıqlandırılırmı?
- Gürcüstanda azərbaycanlıların 50-ə yaxın qeyri-hökumət təşkilatı var və hər bir təşkilat müxtəlif istiqamətdə fəaliyyət göstərir. Bu təşkilatlar həyata keçirdikləri layihələrlə Gürcüstan azərbaycanlılarının problemlərini aradan qaldırmağa dəstək olurlar. Ən əsası isə onlar azərbaycanlı əhalinin cəmiyyətə inteqrasiyasında yaxından iştirak edirlər. Düşünürəm ki, inteqrasiya qarşılıqlı olmalıdır və bunun üçün biz də gürcü xalqının mədəniyyətini, tarixini öyrənməklə gürcü ictimaiyyətinə öz varlığımızı çatdırmalıyıq. Bu məqsədlə Azərbaycan və Gürcüstanın tarixi günlərinə, bayramlarına həsr olunmuş müxtəlif tədbirlər gerçəkləşir. Gürcüstanın bütün regionlarında ayrı-ayrı təşkilatlar tərəfindən təşkil olunan tədbirlərdə Gürcüstanda yaşayan digər xalqlar və gürcü ziyalıları da iştirak edir. Və onlar mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza, qan yaddaşımıza həsr olunmuş bu tədbirlərdən təsirlənərək ayrılırlar. Demək olar ki, tədbirlərimizin əksəriyyəti gürcü KİV-ində də öz əksini tapır. 
 
- Maraqlıdır, Gürcüstan KİV-ində Azərbaycanla bağlı daha çox hansı mövzulu materiallar yer alır? 
- Azərbaycan-Gürcüstan dostluğu bir çox ölkələr üçün nümunədir. İlk növbədə Azərbaycan Gürcüstanın tərəfdaşıdır və bir çox irimiqyaslı, əhəmiyyətli layihələr məhz Gürcüstanla bağlıdır. Eyni zamanda Azərbaycan şirkətlərinin bu ölkəyə diqqəti, investisiyası iki ölkə arasında həm siyasi, həm də iqtisadi cəhətdən dostluğu daha da möhkəmləndirir. Bu mövzular, eləcə də Gürcüstanda yaşayan azərbaycanlıların problemləri, həyat tərzi, buradakı təşkilatların fəaliyyəti və bu kimi digər məsələlər Gürcüstan KİV-ində müntəzəm olaraq işıqlandırılır. Düşünürəm ki, jurnalistika heç vaxt maraqlara söykənməməlidir, jurnalistin baxışı obyektiv və materialları ədalətli olmalıdır. 
 
- Sizcə, Gürcüstan KİV-ində qonşu dövlətlərə münasibət eynidirmi? 
- Bu, dərc olunan xəbərlərdən və onun formatından asılıdır. Təbii ki, dünyada baş verən hadisələrlə və qonşu ölkələrdəki durumla bağlı xeyli materiallara rast gəlmək olar. Fikirimcə, bu sahədə bizim özümüz də fəal olmalıyıq. Biz Gürcüstan mətbuatı ilə daha sıx əlaqə yaratmalıyıq, əməkdaşlıq etməliyik ki, onlara da xəbərlərimiz daha operativ şəkildə çatdırılsın. Cəmiyyətimiz jurnalist qıtlığı problemi yaşayır. Gənc jurnalistlərin sayı çox azdır. Azərbaycanlıların Mədəniyyət Mərkəzi (AMM) olaraq gənclərdə jurnalistikaya marağı oyatmaq məqsədilə bir çox işlər görülür. Gürcü KİV-ində azərbaycanlı gənclərin çalışması Azərbaycan həqiqətlərini və burada yaşayan azərbaycanlıların səsini gürcü oxucusuna çatdırmaq istiqamətində böyük təkan ola bilər.
 
- Azərbaycanlıların Mədəniyyət Mərkəzinin mətbuat xidmətinin rəhbəri olaraq mərkəzin fəaliyyəti ilə bağlı fikirlərinizi bilmək istərdim.
- 2006-cı ildən fəaliyyətə başlayan AMM-in əsas məqsədi soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiya olunması, gənclərin təhsilə marağının artırılması, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı təbliğ edərək özümüzü yaşadığımız cəmiyyətə daha da yaxşı şəkildə təqdim etməkdir. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə AMM  Gürcüstanda fəaliyyət göstərən bir çox azərbaycandilli məktəblərdə dərslərdən əlavə  gürcü dili üzrə kurslar təşkil etmişdir. Bunun nəticəsidir ki, bu kursların məzunları vahid test imtahanı verərək Gürcüstanın ali məktəblərinə daxil olublar. Kursların dinləyiciləri üçün Dövlət Komitəsi tərəfindən təmənnasız olaraq əlavə dərsliklər, dərs vəsaitləri göndərilib. Dinləyicilər üçün mütəmadi olaraq tarixi yerlərə ekskursiyalar və əlavə görüşlər təşkil olunur. İndiyəcən gürcü dili kurslarına 1700-dən çox dinləyici cəlb etmişik. Kursumuzu bitirən 18 gənc Dövlət Komitəsinin dəstəyi ilə Şimali Kipr Yaxın Doğu Universitetində təhsil almaq şansını qazanıb. Onların təhsil haqqı və  yataqxana xərcləri Dövlət Komitəsinin və Yaxın Doğu Universitetinin bağladığı müqaviləyə əsasən ödənişsizdir. Tələbələrin digər əlavə xərclərinin qarşılanması üçün Dövlət Komitəsi tərəfindən onlara aylıq təqaüdlər ayrılır.
2011-ci ildən etibarən AMM və İslam İnkişaf Bankının imzaladığı memoranduma, əsasən Gürcüstanda yaşayan tələbələr üçün xüsusi “Faizsiz kredit ” proqramı həyata keçirilir. Proqram tibbi, texniki fənlər üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Layihənin şərtlərinə görə tələbələrin bütün təhsil xərcini (illik təhsil haqqı, dərs ləvazimatı, tibbi sığorta, aylıq təqaüd, geyim və digər) İslam İnkişaf Bankı ödəyir. Tələbə isə ali təhsilini başa vurub işlə təmin olunduqdan sonra bu məbləği hissə-hissə faizsiz olaraq geri qaytarır. 
2006-ci ildən etibarən mütəmadi olaraq Gürcüstanın dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrə aylıq təqaüd verilir. Bu gün təqaüdçilərin sayı 300-dən artıqdır. Mərkəzimizdə gürcü, ingilis dili, kompüter kursları, Azərbaycan tarixi və ədəbiyyatı dərnəyi fəaliyyət göstərir. 2008-ci ildə isə Gürcüstanın dövlət başçısına etdiyimiz müraciətə əsasən artıq bir neçə ildir ki, 1+4 proqramı həyata keçirilir.  İldə 100-dən çox azərbaycanlı gənc müxtəlif ali məktəblərdə təhsil alır.
Mədəniyyət sahəsində də bir çox işlər görülür. AMM-nin nəzdində “Sarvan” folklor rəqs qrupu yaradılıb ki, qrup Azərbaycan milli rəqslərini Gürcüstanda təbliğ edərək, bir çox beynəlxalq müsabiqələrdə uğurla çıxış edib. Qrupun repertuarında gürcü rəqsləri də yer alır. 
Qeyd edim ki, mütəmadi olaraq Azərbaycanın və Gürcüstanın milli bayramlarına, tarixi əhəmiyyətli günlərinə həsr olunan tədbirlər təşkil olunur.  Bir çox yazıçıların, şairlərin kitabları nəşr olunur, poeziya gecələri, yubileylər keçirilir. Mədəniyyət Mərkəzdə, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümünələrindən ibarət kitabxana mövcuddur ki, burada 2000-ə yaxın kitab saxlanılır. AMM-in mətbu orqanları mövcuddur: “Qarapapaqlar” elmi-ictimai dərgisi, “Meydan” jurnalı və ayda 3 dəfə işıq üzü görən 12 səhifəlik “Region press” informasiya qəzeti.
 
- Siz eyni zamanda AMM-nin gənclər şöbəsinin rəhbərisiniz. Bu sahədə nə kimi işlər görülüb?
- AMM-nin fəaliyyətinin əsas istiqaməti gənclərə yönəlib. Bununla bağlı bir çox nailiyyətlərimiz də var. 2008-ci ildə AMM-nin təşkilatçılığı ilə Gürcüstanda Yaşayan Azərbaycanlı Gənclərin I Qurultayı keçirilib. Qurultayın qərarı ilə Gürcüstanın  Azərbaycanlı Gənclərinin İttifaqı yaradılıb. 2006-2007-ci illərdə Dövlət Komitəsinin dəstəyi ilə yay aylarında gənclərin Bakıya ekskursiyaları düzənlənib, tanınmış tarixçilər tərəfindən mühazirələr oxunub, incəsənət xadimlərinin iştirakı ilə məclislər təşkil olunub.  
Şöbənin nəzdində müxtəlif - dil, ədəbiyyat, jurnalistika və informasiya texnologiyaları klubları fəaliyyət göstərir. Hazırda gənc yazar müsabiqəsi elan etmişik və müsabiqənin sonunda “Gənc yazarların almanaxı”nı kitab şəklində çap etdirmək niyyətindəyik. Şöbəmizin nəzdinə Gürcüstanın bir çox ali təhsil universitetlərində və orta məktəblərdə şagird-tələbələrdən ibarət “Azərbaycan klubları” yaradılıb, əsas məqsəd təhsil ocaqlarında təhsil alan azərbaycanlı gəncləri təşkilatlandıraraq onların digər millətlərin nümayəndələri ilə əməkdaşlığını yaratmaqdır. 
 
 
- AMM digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlıq edirmi? 
- Bəli, məsələn, Londonda fəaliyyət göstərən “Odlar Yurdu” təşlikatı ilə ötən il əməkdaşlıq memorandumu imzalamışıq. Təşkilat bizə poçt vasitəsilə hər ay mətbu orqanını göndərir. Bundan başqa, rəhbərimiz Fazil Həsənov Dünya Azərbaycanlıların Əlaqələndirmə şurasının və Avropa Azərbaycanlılar Konqresinin idarə heyətinin üzvüdür. Gələcəkdə əməkdaşlıq edəcəyimiz təşkilatların siyahısını daha da genişləndirəcəyik, sərhədsiz əməkdaşlıq ümumi ideya və məqsədimizə çatmağa daha da təkan verəcək. Bu koordinasiyanı, əməkdaşlıq imkanını bizə ilk növbədə Dövlət Komitəsi yaradır. 
 
 
 
 
Ülviyyə Heydərova
 
                  
 
 
 
 

 





2016-12-27 |
2015-07-08 |
2015-06-10 |
2015-01-15 |
2015-01-06 |
2014-12-26 |
2014-09-15 |
2014-09-08 |
2014-08-18 |
2014-08-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved