MÜHACİRƏT TARİXİ

XX əsrin sonlarında Azərbaycan Respublikası dovlət müstəqilliyi qazandıqdan və beynəlxalq hüququn subyekti olduqdan sonra xalqımızın ictimai-siyasi, milli-mənəvi və mədəni həyatında keyfiyyətcə yeni bir tarixi mərhələ başlanmışdır. Zaman-zaman milli müstəqilliyindən zorla məhrum edilən xalqımız bu gün öz taleyinin sahibi olmuşdur. Eyni zamanda tarixin faciəli gedişatı nəticəsində illərdən bəri parçalanmış, bütün dünyaya səpələnmiş azərbaycanlıların milli dəyərlərə əsaslanaraq birləşməsinə imkan yaranmışdır.

Azərbaycanlıların mühacirət tarixi əsasən XIX əsrin ilk onilliklərindən başlayır. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti regionda azərbaycanlı əhalisinin üstün mövqeyinin zəiflənməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərində ermənilər tərəfindən həyata keçirilən qanlı azərbaycanlı qırğınlari belə məkrli strateji niyyətlərlə törədilmişdir.

1920-ci ildə ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətin növbəti mərhələsi başlanmışdır.

Otuzuncu illər və ikinci dünya müharibəsindən sonrakı illərin mühacirəti qanlı repressiyalar, siyasi təqib, qətlərlə bağlı olmuş və məcburi xarakter daşımışdır.

SSRİ imperiyası dağıldıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə respublikamızdan köçərək xarici ölkələrdə məskunlaşanlar əsasən daha firəvan və rahat həyat ardınca gedənlər olmuşlar.

Dediklərimiz əsasən Şimali Azərbaycandan mühacirətin ayrı-ayrı mərhələlərini əhatə edir. Qeyd etmək lazımdır ki, təxminən otuz milyon azərbaycanlı əhalinin tarixən yaşadığı Cənubi Azərbaycandan son onilliklərdə mühacirət edənlərin sayı şimaldan gedənlərin sayından qat-qat çoxdur və onlar İranın şah istibdadından baş götürüb qürbət ellərə tapınanlardır.


Azərbaycan diasporu

Bugün təxmini hesablamalara görə, dünyanın, Azərbaycan da daxil olmaqla, 70-dək ölkəsində 45 milyona qədər azərbaycanlı yaşayır və milyonlarla soydaşımız öz Vətənindən, tarixi-etnik torpaqlarından kənarda mühacir həyatı yaşamaqdadır Yalnız Türkiyədə özü və ya soykökü Qərbi Azərbaycanın İrəvan şəhərindən, Zəngəzurdan, Göyçədən .. olan milyonlarla soydaşlarımız var və onlar XIX əsrin sonlarından başlamış amansız daşnak irticaları nəticəsində qardaş ölkəyə rənah gətirmişlər.

Azərbaycanın dövlət müstəqilliyi qazanması Azərbaycan diasporunun həyatına mühüm canlanma gətirdi. Baş verən qlobal hadisələr, Qarabağ münaqişəsi, əsassız torpaq iddiaları planının hərəkətə gətirilməsi, 1990-cı ilin yanvarın 20-də Bakıda, 1992-ci il fevralın 26-da Xocalı törədilmiş qırğınlar, torpqlarımızın 20 faizinin erməni silahlı qüvvələri tərəfinlən işğal olunması, bir milyon qardaş-bacılarımızın doğma yurdlarından didərgin düşməsi və sairə xaricdəki həmvətənlərimizin ictimai fəallığının artmasına təkan verdi.

Soydaşlarımızın bir qismi yeni tarixi vəziyyətə müvafiq olaraq milli-mədəni yöndə təşkilatmağa başladılar və hazırda azərbaycanlıların dünyanın 30-dan çox ölkəsində 150-dən artıq ictimai, milli-mədəni cəmiyyət və təşkilatlar fəaliyyət göstərir. Bu prosesin daha da genişlənməsinə şəxsi iddiaların milli mənafedən üstün tutulması, milli-siyasi fəallığın zəifliyi və iqtisadi marqlara meylliyinin güclülüyü, regionçuluq amilləri və icmalar, təşkilatlar arasında əlaqələrin zəifliyi amilləri ciddi maneçilik törədir. Bütün bu hallara baxmayaraq, mühacirət həyatı keçirən azərbaycanlıların milli özgürlüyünün saxlanılması, dil və mədəniyyətlərinin inkişafı, insan-vətəndaş hüquqlarının qorunması, müstəqil dövlətimiz ətrafında daha sıx mənəvi birliyinin təmin edilməsi hər bir soydaşımızın başlıca vəzifəsidir.


Dünya azərbaycanlıları və müstəqil Azərbaycan

Dünya azərbaycanlılarının təşkilatlanması, müstəqil Azərbaycan Respublikası ilə siyasi, iqtisadi, mədəni və mənəvi əlaqələrin inkişaf etdirilməsi son dərəcə önəmli məsələlərdəndir.

Azərbaycanda 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi gününün bayram kimi qeyd olunması ümumi milli diasporun formalaşmasında, azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri olmuşdur.

Bu günün tarixi Naxçıvan MR Ali Məclisinin "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı və bilavasitə bu işlərin təşəbbüskarı və həmin tarixi qərara imza atmış şəxs - Heydər Əliyevin adı ilə bağlıdır.

Bəlkə də məhz bu hal xaricdə yaşayan soydaşlarımız tərəfindən Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldikdən sonra gördüyü işlərə diqqəti artırmış, Azərbaycan dövlətinin varlığına və gələcəyinə inam və ümidlər yaratmış, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə səbəb olmuşdur.