AZƏRBAYCAN TARİXİ
Azərbaycan sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmaqla zəngin və
qədim tarixə malikdir. Min illər ərzində onun ərazisində dünyanın mədəniyyət
xəzinəsinə daxil olmuş zəngin mədəni irs yaradılmışdır. Dünyada ən qədim insan
məskənlərindən olan Azıx mağarasının, qədim daş dövrünə aid bir sıra insan
məskənlərinin kəşfi sübut edir ki, Azərbaycan antropogenez zonasına daxildir,
bəşəriyyətin ilkin beşiklərindənidir. Azərbaycanda sivilizasiyanın inkişafının
əsas mərhələləri müəyyən edilmişdir. Eramızdan əvvəl III minillikdə burada
qəbilələrin formalaşması prosesi getmiş, eramızdan əvvəl I minillikdə isə ilk
siyasi qurumlar meydana gəlmişdir. Eramızdan əvvəl IX əsrdə Azərbaycan
dövlətçiliyi təşəkkül tapır: yüksək iqtisadi və mədəni səviyyəyə malik Manna
çarlığı yaranır. Allahlara məbədlər ucaldılır.
Azərbaycanı öz tə'sir dairəsinə salmaq uğrunda bəzi dövlətlərin rəqabəti
XVIII əsrdə ölkədə daxili sabitliyin kəskin şəkildə pozulmasına gətirib çıxardı,
nəticədə, bir neçə müstəqil və yarımüstəqil dövlət qurumları-xanlıqlar meydana
gəldi. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Iran, Türkiyə və Rusiya arasında
ziddiyyətlər güclənməyə başlayır.
Mannalılar təbiət hadisələrinə, günəşə və aya inanırdılar. Eramızdan əvvəl
VI əsrin əvvəllərində Manna Midiya dövləti tərəfindən fəth edilmişdir. Bu dövrdə
Zərdüştilik rəsmi din idi və onun burada yayılmasının səbəbi öz-özünə
yanan neft və qaz mənbələrinin mövcudluğu idi. Antik dövrdə Azərbaycan
ərazisində müstəqil dövlətçiliyin bərqərar olmasında Atropatena və Albaniya
dövlətləri böyük rol oynamışdılar. Ölkənin adı Atropatena çarı Atropatın adı ilə
bağlıdır. Sonralar o dəyişikliklərə uğrayaraq "Azərbaycan" şəklinə düşmüşdür.
Atropatenada Azərbaycan xalqının təşəkkülü prosesi başlamışdır. III-V əsrdə
Azərbaycan dövləti möhkəmlənir. Azərbaycanda xristianlıq yayılmağa başlayır,
Zaqafqaziyada ilk apostol və avtokefal xristian kilsələrindən hesab edilən
kilsələr meydana gəlir, mə'nəvi və dünyəvi mədəniyyət inkişaf edir.
VIII əsrin əvvəllərində Azərbaycan ərəblər tərəfindən işğala mə'ruz qaldı
və Arran vilayəti adı altında Ərəb Xilafətinin tərkibinə daxil oldu.
İslam Azərbaycanda hakim dinə çevrildi. Yeni ənənələr və
mədəniyyət təşəkkül tapdı. İslamı qəbul etmiş digər xalqlar kimi,
azərbaycanlılar da ümumi "müsəlman" adı altında müsəlman mədəniyyətinin
inkişafında iştirak etmişlər. Azərbaycan dünyaya görkəmli alimlərin, şairlərin,
memarların böyük bir şəcərəsini bəxş etmişdir. Orta əsrlərdə Azərbaycanın
ərazisində dövlətçilikdə varislik saxlanmaqda idi: Qaraqoyunlu, Ağqoyunlu,
Səfəvilər. Azərbaycan xalqı dünya mədəniyyətində öz dəstxətti ilə seçilən
xalqlardandır. Onun əsrlər boyu yaratdığı mədəniyyət və ədəbiyyat nümunələri
həyat eşqi, azadlıq və müstəqillik duyğuları ilə aşılanmışdır.
Xalqımızın "Kitabi Dədə-Qorqud", "Koroğlu" anları kimi möhtəşəm sənət
abidələri, dünya sivilizasiya tarixində silinməz iz qoymuş Nizami Gəncəvi,
Əfzələddin Xəqani, Xətib Təbrizi, Qətran Təbrizi,
Imadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərinin yaradıcılığı bəşəri
ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına
xidmət etmişdir. Səfiyəddin Ürməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd
Təbrizinin dünya mədəniyyəti xəzinəsinə verdikləri incilər sənətsevərləri indi
də heyran qoyur. Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə
haqqı var. Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Mirzə Fətəli Axundovun,
Abbasqulu ağa Bakıxanovun və digər mütəfəkkirlərin adlan dünya elm aləminə yaxşı
tanışdır.
Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqları böyük vətənpərvərlik
məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur.
Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah Ismayıl Xətainin və
başqa dövlət xadimlərimizin həyat və fəaliyyəti nəticəsində xalqın Vətən sevgisi
və dövlətçilik hissini daha da inkişaf etdirmiş, onu həyatın ən vacib, ən ümdə
məqsədinə çevirmişdir.
Azərbaycan uğrunda müharibələr şiddətlənir. 1828-ci ildə Rusiya ilə İran
arasında imzalanmış Türkmənçay müqaviləsi Azərbaycanı və onun xalqını iki yerə
böldü: Azərbaycanın Şimal hissəsi Rusiya tərəfindən işğal edildi, Cənub hissəsi
isə İran dövlətinin tərkibinə qatıldı. XX əsr Azərbaycan xalqının tarixinə
sosial-iqtisadi, ictimai-siyasi və mədəni təbəddülatlar dövrü kimi olmuşdur.
Azərbaycanda faydalı qazıntıların çıxarılması və emal edilməsi ilə bağlı
sənayenin müxtəlif sahələri intensiv şəkildə inkişaf edir. Əsrin əvvəlində dünya
neftinin yarıdan çoxunu və Rusiya neftinin 95 faizini verməklə Bakı dünyanın
neft mərkəzlərindən birinə çevrilmişdi. Mədəni həyatda canlanma hiss edilirdi.
Elmin müxtəlif sahələri inkişaf etməyə, qəzet və jurnallar çap olunmağa başladı.
Siyasi cəmiyyətlərin, təşkilatların, partiyaların yaradılması, mütərəqqi,
demokratik ideyaların intişarı milli özünüdərkin bərqərar olmasına və inkişafına
azadlıq mübarizəsinin yüksəlişinə zəmin yaradırdı. 1917-ci ildə Rusiyada
monarxiyanın süqutu əyalətlərdə azadlıq hərəkatlarının inkişafına əlverişli
şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa
etdi və müstəqil Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. 23 ay yaşadıqdan
sonra bu respublika 1920-ci il aprelin 28-də süqut etdi. XI rus ordusu Bakıya
daxil oldu. 1922-ci il dekabrın ayından Azərbaycan dövlət atributlarına malik -
konstitusiyalı, bayraqlı, himn və gerbli müttəfiq respublika kimi SSRİ-nin
tərkibinə daxil edildi. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa
edildi və dövlət müstəqilliyi barədə konstitusiya aktı qəbul olundu.
1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının bütün xalq
tərəfindən bəyənilmiş Konstitusiyası qəbul edildi. Bu hadisə Azərbaycan xalqının
tarixində yeni mərhələnin - tərəqqi və demokratiya əsrinin başlanması
əlamətdardır. Müstəqil Azərbaycan dövlətinin qurulması bizim həyatımızda mühüm
tarixi hadisədir. Doğrudur, müstəqillik yolu bizim üçün hamar olmayıb və biz
ağır sınaqlara məruz qalmışıq. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü,
erməni qəsbkarlarının ərazimizin 20 faizini işğal etməsi bir milyondan çox
həmvətənimizi doğma yurd-yuvasından didərgin salaraq qaçqın və köçkünə
çevirmişdir.
Müstəqil dövlətçiliyimizə mane olmağa çalışan daxili və xarici qüvvələrin
təxribatları, keçmiş iqtisadi əlaqələrin pozulması, keçid dövrünün
sosial-iqtisadi çətinlikləri və sairə problemlər də bizim müstəqillik yolumuzu
xeyli çətinləşdirmişdir. Lakin bütün bunlar xalqımızın öz müstəqil
dövlətçiliyinə inamını, mübarizə əzmini və qətiyyətini nəinki sarsıtmamış,
əksinə daha da möhkəmlətmişdir. Son illərdə aparılan məqsədyönlü siyasət
nəticəsində ölkənin həyatında əldə edilmiş nailiyyətlər göz qabağındadır.
Ermənistanla 1988-ci ildən bəri davam edən müharibə üç il yarımdan artıqdır ki
dayandırılmış, atəşkəsə nail olunmuşdur. Ölkə daxilində qeyri-qanuni silahlı
dəstələrin fəaliyyətinə birdəfəlik son qoyulmuş. siyasi hərc-mərcliyin
qarşısı alınmışdır. Qətiyyətlə deyə bilərik ki, hal-hazırda Azərbaycan
Respublikası tam siyasi sabitlik şəraitində yaşayır.
Bu da ölkə həyatının müxtəlif sahələrində köklü dəyişikliklərin həyata
keçirilməsi üçün möhkəm zəmin yaradır. Azərbaycan Respublikası müstəqil bir ölkə
kimi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə gedir.
Cəmiyyətimiz dünyada sınaqdan çıxmış və xalqımızın milli xüsusiyyətlərinə uyğun
gələn demokratik prinsiplər əsasında formalaşır. Xalqımızın tarixi arzusu olan
müstəqil dövlətimizin ilk Konstitusiyası ümumxalq referendumu nəticəsində qəbul
edilmişdir. Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin,
ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar edilməsini əsas
qanun şəklində təsbit etdi. Konstitusiyanın müddəaları əsasında çoxpartiyalı,
demokratik seçkilər yolu ilə parlament yaradılmış, siyasi plüralizmə nail olmaq,
cəmiyyətimizdə demokratik prinsipləri inkişaf etdirmək üçün qanunlar qəbul
edilmişdir.
Azərbaycan dilinin dövlət dili kimi həyatımızın bütün sahələrində yaşaması
və inkişafına hərtərəfli şərait yaradılmış, onun zənginləşməsi və dünya dilləri
arasında layiqli mövqe tutması üçün daha geniş perispektivlər
açılmışdır. İndi Azərbaycanda əikir müxtəlifliyi, söz,
mətbuat, vicdan azadlığı, insan hüquqlarının qorunması cəmiyyətimizin əsas və
dönməz prinsiplərini təşkil edir. Xalqımız öz həyatını qanunların aliliyi,
tarixi, milli-mənəvi dəyərlərin qorunması və inkişafı şəraitində qurur və bundan
sonra da bu yolla gedəcəkdir. Azərbaycan iqtisadiyyatı böyük dəyişikliklər və
islahatlar dövrünü yaşayır. Bazar münasibətlərinə keçid və dünya iqtisadi
sisteminə inteqrasiya olunmaq siyasətimizin əsas istiqamətlərini təşkil edir.
Ölkədə makroiqtisadi sabitlik təmin olunmuş, 80-ci illərin sonundan
iqtisadiyyatda baş verən geriləmə hallarının qarşısı alınmış, bəzi sahələrdə isə
nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir. Bu gün ölkədə aparılan iqtisadi
islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. İqtisadiyyatın
strukturunda köklü dəyişikliklər baş verir, yeni təsərrüfat sisteminin
tələblərinə uyğun təsisatlar və iqtisadi münasibətlər formalaşır. Hazırda
sənayenin, ticarətin, nəqliyyatın, məişət xidməti sahələrinin özəlləşdirilməsi,
bank-maliyyə sisteminin, istehsalın yenidən qurulması, dünyanın ən böyük dövlət
və özəl qurumları ilə müştərək layihələrin həyata keçirilməsi və sairə
Azərbaycanın iqtisadiyyat sahəsində əldə etdiyi uğurlardandır.
Dünyanın inkişaf etmiş nüfuzlu şirkətləri ilə neft müqavilələrinin
bağlanması, bu müqavilələrin işə başlaması, ilkin neftin artıq Qərb bazarlarına
nəql edilməsi ölkə iqtisadiyyatında böyük dəyişikliklərə zəmin yaratmışdır.
İslahatlar iqtisadiyyatın diğər sahələrinə nisbətən aqrar sahədə daha sürətlə
gedir.
Kənd təsərrüfatında aparılan radikal islahatlar - ictimai və dövlət
mülkiyyətində olan əmlakın özəlləşdirilməsi, torpaqların xüsusi mülkiyyətə
verilməsi, mülkiyyət formalarının dəyişdirilməsi, kəndlidə həqiqi sahibkarlıq
hisslərinin yaradılması öz müsbət nəticələrini vermiş və Azərbaycanda ərzaq
problemi birdəfəlik aradan qaldırılmışdır. Ölkə iqtisadiyyatında həyata
keçirilən dəyişikliklər və bunun nəticəsində nail olduğumuz inkişaf dövlətə
əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq, elmə, mədəniyyətə, təhsilə daha çox
vəsait cəlb etmək imkanı yaradır.
Azərbaycan bu gün müstəqil bir dövlət kimi bütün dünyada tanınır və
özünəməxsus nüfuza malikdir. İstiqlaliyyət əldə etdikdən sonra dövlətimiz qısa
müddətdə Birləşmiş Millətlər Təşkilatının. Avropada Təhlükəsizlik və Əməkdaşlıq
Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin. Türk
Dövlətləri Birliyinin, Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının,
Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Bərpa və İnkişaf Bankının, İslam İnkişaf
Bankının üzvü olmus, Parlamentlərarası İttifaq, Avropa
Şurası, Avropa Birliyi, Avropa Parlamenti, NATO və başqa beynəlxalq
təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yaratmışdır. Azərbaycan diplomatiyası
dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin
olunması, bütün ölkələrlə hərtərəfli, bərabər hüquqlu və qarşılıqlı faydalı
münasibətlər qurmaq sahəsində mühüm uğurlar qazanmışdır.
Bu gün dövlətimizin ən ağrılı problemİ olan Ermənistan-Azərbaycan
münaqişəsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın haqq səsi
dünya dövlətləri, beynəlxalq və regional qurumlar tərəfindən dəstəklənir.
İnanırıq ki, yaxın zamanlarda bu problem sülh yolu ilə özünün ədalətli həllini
tapacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır. Biz dəfələrlə bəyan
etmişik ki, Ermənistan-Azərbaycan münaqişəsi dinc yolla həll olunmalıdır. Biz
müharibə istəmirik. Biz sülh tərəfdarıyıq. Azərbaycanda, bütün Qafqaz regionunda
və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur. Azərbaycan
sülhsevər ölkə olaraq bütün dövlətlərlə və xalqlarla, ələlxüsus öz qonşuları ilə
qarşılıqlı anlaşma, mehriban qonşuluq və əməkdaşlıq şəraitində yaşamaq istəyir.
Səhifədə www.gateway.az saytının materialından istifadə olunub.